Bu ilin ilk yarısında turist kimi xarici ölkələrə gedən 551 min 867 nəfər Azərbaycan vətəndaşı ümumilikdə 841 milyon 709 min manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə gedən azərbaycanlı turistlərin adambaşına düşən xərcləri 1 525 manat olub.
Qeyd edək ki, azərbaycanlı turistlərin xərcləri arasında ilk sırada nəqliyyat xərcləri yer alır. Ümumi xərclərin 38,8%-ni və ya 326 milyon 284 min manatını nəqliyyat xərcləri təşkil edib.
Bu ilin yanvar–iyun aylarında azərbaycanlı turistlərin xaricdəki xərcləri belə olub:
Nəqliyyat xərcləri – 326,3 milyon manat;
Yerləşmə xərcləri – 155 milyon manat;
Qidalanma xərcləri – 173,6 milyon manat;
Malların və hədiyyələrin alınması – 138 milyon manat;
Turizm zərflərinin alınması xərcləri – 31 milyon manat;
İdman və əyləncə xərcləri – 5,3 milyon manat;
Mədəniyyət xərcləri – 3 milyon manat;
Nəqliyyat vasitələrinin icarəyə götürülməsi – 1,5 milyon manat;
Digər xərclər – 7,5 milyon manat.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə xarici ölkələrə 601 min 77 nəfər azərbaycanlı turist gedib və onlar ümumilikdə 953 milyon manat xərcləyib (adambaşına düşən xərc 1 585 manat).
Şərhlər