Siyasət 12:10 01.02.2023

"Bu, İran rejiminin soydaşlarımızı yox etmək siyasətinin davamıdır"

"Bir neçə gün öncə İranın şimalında, Güney Azərbaycan baş vermis zəlzələdən zərər görən soydaşlarımız taleyin ümidinə buraxılıb. İran rejimi Güney Azərbaycanda dağıntılara məruz qalmış bölgələrə heç bir şəkildə yardım etmir”.

Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Gülşən Hacıyeva bildirib. O əlavə edib ki, şaxtalı-qarlı havada evsiz qalan əhali çarəsiz durumda qalıb. Onlara qalmağa yer, çadır belə verilməyib. Yəni bölgədə insanlıq dramı yaşanır və İran rejimi məqsədli şəkildə soydaşlarımızı daha da acınacaqlı vəziyyətə salır.



"İndiyədək İranın Qızıl Aypara Cəmiyyəti və digər təşkilatlar bölgəyə baş çəkməyib. Bu, bəs deyilmiş kimi, İran Türkiyənin Cənubi Azərbaycana yardım təklifini də qəbul etməyib. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardımla bağlı təklifinə İrandan cavab olaraq bildiriblər ki, onların kiminsə köməyinə ehtiyacları yoxdur.

Halbuki zəlzələ nəticəsində mindən çox ailə evsiz qalıb, minlərlə insan xəsarət alıb. Onlara hətta qida və dərman yardımı belə göstərilmir”, - Başqan müavini qeyd edib.

Onun fikrincə, soydaşlarımızın ən təməl haqlarını belə təmin etməyən İran rejimi növbəti dəfə qəddar, qisasçı davranış sərgiləyir, oradakı Azərbaycan türklərinin yaşamaq hüququnu əlindən alır: "Fars rejiminin insan hüquqlarının hər addımda ayaqlar altına aldığı məlumdur. Yaranmış acınacaqlı durumdan məkrli niyyətini həyata keçirmək üçün istifadə etməsi bu rejimin mahiyyətini bir daha açır. Səfirliyimizə hücum edib, qan tökən, qətl törədən terrorçunun "hüquqlarını” qoruyan İran rejimi şaxtada ac-susuz, evsiz qalan soydaşlarımıza amansız münasibəti onun laqeydliyindən irəli gəlmir. Bu, rejimin 200 ildir, ərazisində yaşamağa məhkum edilən Azərbaycan türklərini yox etmək siyasətinin davamıdır”.