Dünya 15:50 27.07.2022

BVF: Rusiyanın vəziyyəti sanksiyalara rəğmən daha yaxşıdır

Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı fırtınaya gözlənildiyindən daha yaxşı dözür.

Qaynarinfo "The Moscow Times” saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu bildirib.

Sanksiyalar Rusiyanı qlobal maliyyə sistemindən ayırmalı və Moskvanı müharibəni maliyyələşdirmək üçün vəsaitdən məhrum etməli idi.

Lakin Beynəlxalq Valyuta Fondunun son Dünya İqtisadi Proqnozu Rusiyanın bu il üçün ÜDM qiymətləndirməsini nəzərəçarpacaq dərəcədə, 2,5 faiz yüksəldib, baxmayaraq ki, iqtisadiyyatının hələ də 6% daralması gözlənilir.

Hesabatda ABŞ və Çin də daxil olmaqla əsas iqtisadiyyatlar yavaşlasa da, "Rusiya iqtisadiyyatının ikinci rübdə əvvəllər proqnozlaşdırılandan daha az daraldığı, xam neft və qeyri-enerji ixracının gözləniləndən daha yaxşı olduğu təxmin edilir".

İlin əvvəlində neftin bir barreli 80 dollardan aşağı olduğu halda, mart ayında neft qiymətləri təxminən 129 dollara qalxıb, daha sonra isə 105 dollardan bir qədər aşağı düşüb. Təbii qaz qiymətləri isə yenidən yüksəlməkdə davam edir. 

Eyni zamanda sanksiyalara baxmayaraq, Rusiyanın "daxili tələbatı da sanksiyaların təsirinin cilovlanması sayəsində müəyyən dözümlülük nümayiş etdirir”.

Bunun əksinə olaraq, Avropa enerji baxımından Rusiyadan asılı olduğunu nəzərə alsaq, zərərin ən ağır yükü ilə üz-üzədir və Moskva qaz ixracını dayandırarsa və Avropa İttifaqı gələn ildən etibarən Rusiya neftinin dəniz yolu ilə nəqlinə qadağa qoysa, vəziyyət kəskin şəkildə pisləşə bilər.

Nurlan