Dünya 16:24 31.08.2023

CAR-da yanğın nəticəsində 56 nəfər ölüb, 43 nəfər yaralanıb

Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Xidmətinin sözçüsü Robert Mulaudzi bildirib ki, azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İdarə nümayəndəsinin sözlərinə görə, yanğın evsizlərin yaşadığı "qeyri-formal məskən”də baş verib. Bu, axtarış əməliyyatını çətinləşdirir. AP xəbər verir ki, şahidlərin sözlərinə görə, binada 200-ə yaxın insan yaşaya bilər.

Sağ qalanlar yüngül xəsarətlər alıblar. Yanmış binada hələ də insanlar ola bilər, Mulaudzi qeyd edib. Ölənlər arasında ən azı bir uşaq var.

Yanğın yerli vaxtla saat 1:30-da (Bakı vaxtı ilə 3:30) baş verib. Yanğınsöndürənlər gələn kimi insanları təxliyə ediblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi dəqiqləşdirilməyib. Səlahiyyətlilər yanğının böyük ölçüdə söndürüldüyünü, lakin hələ də pəncərələrdən tüstü çıxdığını bildirib.

Nizami Bağırov