Xəbər lenti

İtaliyada qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
Dünya 21:11 25.06.2025

İtaliyada qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı

İtaliyada, Roma yaxınlığında yerləşən Trevinyano-Romano şəhərində qan ağladığı iddia edilən Məryəm Ana heykəlinin əslində saxtalaşdırıldığı məlum olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, "möcüzə" iddialarını irəli sürən və özünü "öncəgörən" adlandıran Cizella Kardia adlı qadın heykəlin gözlərindən axan qanı öz qanı ilə saxtalaşdırıb. Aparılan DNT analizləri nəticəsində qan nümunəsinin ona məxsus olduğu təsdiqlənib.

Xatırladaq ki, bu hadisə ilk dəfə 2016-cı ildə gündəmə gəlmişdi. Həmin vaxt Kardia, heykəlin qan ağladığını və Məryəmdən vəhylər aldığını iddia etmişdi. Vatikana təqdim edilən iddialar ötən il rəsmi şəkildə təkzib edilmiş, Kardianın söylədiklərinin fövqəltəbii mahiyyət daşımadığı bildirilmişdi.

"Le Figaro" yazır ki, Cizella Kardia bu iddialar əsasında gəlir gətirən fəaliyyət qurub, fərdi ianələr hesabına qazanc əldə etdiyi bir assosiasiya yaradıb. Bu səbəbdən saxtakarlıq faktı aşkar edildikdən sonra İtaliya prokurorluğu tərəfindən istintaq başladılıb.

Hazırda Kardianın harada olduğu bilinmir. O, hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşdükdən sonra yaşadığı evi tərk edib.

Qeyd edək ki, 1953-cü ildə Siciliyanın Sirakuza şəhərində qeydə alınmış və Papa tərəfindən rəsmi şəkildə möcüzə kimi tanınmış bir hadisədən sonra İtaliyada Məryəm Ana, İsa Məsih və müxtəlif müqəddəslərin heykəlləri ilə bağlı saysız-hesabsız oxşar iddialar irəli sürülüb. Hazırda ölkə əhalisinin 74,5 faizi katoliklərdən ibarətdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->