"Erməni kilsəsi yalnız dini qurum deyil, həm də erməni kimliyinin və milli ideologiyasının əsas daşıyıcısıdır. Xüsusilə Osmanlı dövləti zamanı və sonrakı SSRİ dönəmində diaspor erməniləri üçün kilsə həm dini, həm mədəni, həm də siyasi rəhbərlik funksiyası daşıyıb".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat) lideri olduğu "Müqəddəs mübarizə” hərəkatının Ermənistanda terror və hakimiyyətin ələ keçirilməsi cəhdi barədə yayılan məlumatı şərh edərkən bildirib.
O qeyd edib ki, erməni kilsəsi çox zaman milli-ideoloji mərkəz kimi çıxış edib və bu xüsusiyyət onu digər dini qurumlardan fərqləndirib:
"Erməni kilsəsinin rəhbərliyi təkcə dini sahədə deyil, siyasi və hərbi məsələlərdə də fəal mövqe tutub. Bu baxımdan, arxiyepiskop Vazgen Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə” hərəkatının hakimiyyəti ələ keçirməyə cəhd etməsi Ermənistan tarixində ilk deyil, bu, uzun müddətli bir tendensiyanın növbəti təzahürüdür".
Ekspertin sözlərinə görə, erməni kilsəsinin və erməni diaspor təşkilatlarının müxtəlif dövrlərdə radikal qrupları dəstəkləməsi tarixdə müxtəlif zamanlarda özünü göstərib:
"Qeyd edim ki, ASALA 1970-1980-ci illərdə Türkiyəyə qarşı terror aktları törədən və yüzlərlə insanın ölümünə səbəb olan terror təşkilatı idi. Bu terror təşkilatının ideoloji dəstəyi qismində bəzi erməni ruhanilər də çıxış edirdi. Qarabağ münaqişəsi zamanı erməni kilsəsi Ermənistandakı bir çox silahlı dəstələrə mənəvi və loqistik dəstək verdi. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə ermənilər bəzi kilsələri silah anbarı kimi istifadə edib. Bu nümunələr göstərir ki, erməni kilsəsi regionda sülhü deyil, münaqişə ritorikasını dəstəkləyib”.
R.Mirhəşimli vurğulayıb ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının dini təməllərini araşdırsaq, bir çox tarixi faktlar üzə çıxacaq:
”Görəcəyik ki, kilsə öz ideologiyasını "tarixi torpaqlar” konsepsiyası ilə birləşdirir. Bu qondarma "konsepsiya"nın içərisində Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu iddialar sadəcə siyasi yox, həm də dini və mifik əsaslara söykənir. Məsələ bundadır ki, erməni kilsəsi erməniləri bu uydurma nağıllara inandıra bilib".
Rəsul Mirhəşimli erməni kilsəsinə xarici təsirlərə də diqqət çəkib. Bildirib ki, erməni diasporu, xüsusilə Fransa, ABŞ və Rusiya kimi ölkələrdəki erməni təşkilatları kilsənin bu radikal mövqelərini maliyyələşdirir və siyasi cəhətdən dəstəkləyir. Onun sözlərinə görə, Qərb ölkələrinin bəzi dairələri Ermənistandakı kilsə-siyasət ittifaqını regionda Rusiyaya və İslam dünyasına qarşı balans elementi kimi görürlər. Jurnalist qeyd edib ki, Azərbaycanla müqayisədə dini institutlar Ermənistanda daha çox ruhani yox, inzibati xarakter daşıyır:
"Azərbaycanda uzun illər sovet təbliğatının dinə qarşı olması nəticəsində dinin ictimai rolu zəifləyib. Ölkəmizdə dinin cəmiyyətdəki rolu barədə danışarkən bir də onu qeyd etmək lazımdır ki, məscidlərin siyasi və ya ideoloji fəaliyyətdən uzaq olması dinin ictimai rolunu azaldır. Cəmiyyətin də ruhanilərə münasibəti dinin nüfuz qazanmasında rolunun azalmasına səbəb ola bilən məsələdir. Bir çox hallarda din xadimlərinin davranışları və hərəkətləri də nüfuzun düşməsinə səbəb olub. Din xadimləri bir çox hallarda unudurlar ki, onların danışıq və davranışları ilə cəmiyyət həm də dinə qiymət verir. Bəzi ruhanilərin naqis hərəkətləri ilə insanların dinə münasibəti mənfi yöndə dəyişir".
Rəsul Mirhəşimli sonda onu da bildirib ki, tarix boyu erməni kilsəsi terroru dəstəkləyən müəssisə kimi çıxış edib:
"Azərbaycan xalqının düşüncə və dünyagörüşü sülhə meyl etməsi üzərində qurulub. Yaxşı ki xalqımız əsrlərdən keçib gələn yüksək mədəniyyət ənənələrini bu gün də yaşadır. Başqa sözlə, regionda gərginliyin yaradılmasında rolu olan toplum kimi müqayisə edilə biləcək elə ermənilərin özüdür. Bu xəstə təxəyyül ilk növbədə ermənilərin özlərinə ziyan vurur. Ermənilərin bu xəstəlikdən sağalması isə mümkünsüz görünür".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının "kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.
Siyasət şöbəsi
Şərhlər