Cənubi azərbaycanlı bəstəkar Mansur Səssiz Qaynarinfo-ya müsahibə verib. O, Əməkdar artist Vasif Məhərrəmli və müğənni Vəfa Şərifovanı məhkəməyə verəcəyini bildirib. Bəstəkar müəllif hüquqlarının pozulduğunu iddia edib və tərəflər arasında yaranmış mübahisənin təfərrüatlarından danışıb.
- Vasif Məhərrəmli və Vəfa Şərifova ilə bağlı məhkəməyə müraciət edəcəyinizi bildirmisiniz. Səbəb nədir?
- Hər ikisi məni təhqir edib. Müəllif hüquqlarımı pozmalarına baxmayaraq, uzun müddət bu barədə danışmamışdım. Sadəcə, onların ifasında beş milyondan çox baxış toplayan "Nazlanma, qəmzələrin oxdur" əsərinin "YouTube" platformasındakı yayımını sildirmişəm. Bu mahnının müəllif icazəsi olmadan yayımlandığını harada görsəm, yenə də sildirməyə çalışacağam. Onlar sosial şəbəkələrdə ünvanıma təhqiramiz ifadələr işlədiblər. Əvvəl bunu Vasif Məhərrəmli edib, sonra isə Vəfa Şərifova da eyni addımı atıb. Həmin paylaşımların hamısının ekran görüntüləri məndə saxlanılır.
- "Nazlanma" mahnısını ifa etmək üçün sizdən icazə almayıblar?
- Xeyr. Mahnını mənim razılığım olmadan ifa ediblər. Bununla da kifayətlənməyiblər, əsərin sözlərini dəyişdirərək tamamilə başqa məzmun veriblər. Bir ay əvvəl bu əsər mənim ifamda yenidən sosial şəbəkələrdə geniş yayılmışdı. Xalq artisti Gülyanaq Məmmədova ilə duetimiz "TikTok" platformasında 200 mindən çox videoda istifadə olunub. İndi isə hər yerdə deyirlər ki, guya mahnını trendə çevirən onlar olub. Lakin söhbət mənə məxsus əsərdən gedir. Mən də müəllif hüquqlarımı qanuni yolla müdafiə etmişəm.
- Mübahisəni qarşılıqlı razılıq əsasında həll etmək mümkün idimi?
- Bəli. Bunun üçün hörmətli Vahid Əziz mənimlə görüşə gəldi. Dedi ki, o taylı-bu taylı gərginlik yaranmasın, müəyyən məbləğ ödənsin və siz də mahnının ifasına razılıq verin.
- Sizə hansı məbləğ təklif olunmuşdu?
- Vahid Əziz xahiş etdi ki, "onlar 5 min manat yol xərci versinlər, siz də razılaşın. Mahnının sözləri və aranjimanı orijinala uyğun düzəldilsin, məsələ efirlərdə müzakirə olunmasın, siz də ifaya icazə verin". Mən isə bildirdim ki, yalnız müəyyən şərtlərlə razılaşa bilərəm. Mahnı mənim orijinal sözlərim və aranjimanım ilə ifa olunmalıdır. Bundan əlavə, Vasif Məhərrəmli və Vəfa Şərifova canlı yayımda mənə qarşı yazdıqları təhqirlərə görə üzr istəməlidirlər. Əsərin müəllifi kimi adım da mütləq göstərilməlidir. Vahid Əzizə dedim ki, əgər bu şərtlər yerinə yetirilməsə, müəllif hüquqlarımın pozulmasına görə 100 min manat məbləğində təzminat tələb edəcəyəm. Mənə ünvanlanan təhqirləri izləyicilərim də görüblər. Buna görə də həm mənim, həm də onları görən insanların qarşısında üzr istəmələri vacib idi. Yalnız bundan sonra mahnının ifasına razılıq verə bilərdim.
- Şərtləriniz qəbul olundumu?
- Xeyr. Əksinə, bundan sonra müxtəlif platformalarda haqqımda əsassız fikirlər səsləndirməyə başladılar. Əvvəl müəllif hüquqlarının pozulmasına görə 100 min manat təzminat tələb etmişdim. Bu məbləğin ödəniləcəyini desələr də, sonradan vədlərinə əməl etmədilər. Sonra Vasif Məhərrəmli müxtəlif çıxışlarında guya əvvəl 100 min, sonra 75 min manata razılaşdığımı, sonda isə 5 min manat alıb getdiyimi iddia edib. Halbuki belə bir hadisə baş verməyib. Bu açıqlamalardan sonra onların məsələyə münasibətini daha aydın gördüm.
- Müəllif hüquqlarınızı necə qorumaq fikrindəsiniz?
- Mən beynəlxalq müəllif hüquqları sisteminə daxil olan müəllifəm. Hüquqlarımın pozulduğunu müəyyən etdikdən sonra müraciət etdim və Türkiyənin Musiqi Əsəri Sahibləri Birliyinin (MESAM) dəstəyi ilə mahnı "YouTube" platformasından silindi. İstəsəydim, mənə ünvanlanan bütün təhqirlərin ekran görüntülərini sosial şəbəkələrdə paylaşardım. Amma bunu etmədim. Bu, mənim xarakterimə uyğun deyil. Mən 30-a yaxın kitabın müəllifiyəm, dörd böyük opera yazmışam. "Nazlanma" mahnısı da "Eşqin 7 şəhəri" operasının dördüncü aktındakı "İstiğna" ariyasından götürülüb. Əsərin notları və rəsmi nəşrləri mövcuddur. O, ingilis, rus, Azərbaycan, fars, italyan və fransız dillərinə tərcümə olunub. Belə bir əsəri götürərək yüngül estrada mahnısı formasına salıblar. Düşünüblər ki, İranda mövcud vəziyyətə görə müəllif hüquqlarını müdafiə edən olmayacaq. Amma yanılıblar. Mən əsərlərimi sonadək qoruyacağam. Gülyanaq Məmmədova Xalq artistidir. Vəfa Şərifovanı onunla müqayisə etmək düzgün deyil. Eşitmişəm ki, onlar başqa bəstəkarların da mahnılarını icazəsiz ifa ediblər. Başqasının əməyindən istifadə etməklə sənətdə uzunmüddətli uğur qazanmaq mümkün deyil.
- "Yol pulu" adı ilə verilən 5 min manatı geri qaytarmısınız?
- Həmin pulu mənə yox, işçimə vermişdilər. Mən də tapşırdım ki, həmin məbləği aparıb uşaq evinə bağışlasın. Belə pulu qəbul etmərəm. Amma məsələ bununla bitməyəcək. Mən onları məhkəməyə verəcəyəm. Qoy qanun qarşısında cavab versinlər və etdikləri hərəkətlərə görə üzr istəsinlər. Mən qanuna inanıram və hüquqlarımı sonadək müdafiə edəcəyəm. Bu əsər Tehran və Təbriz şəhərlərində təqdim olunub. "Eşqin 7 şəhəri" operasına görə müxtəlif dövlət qurumları tərəfindən mükafatlandırılmışam.
Bahar Rüstəmli
Şərhlər