Yaxın Şərqdə təhlükəsizlik arxitekturası sürətlə dəyişir. ABŞ-ın regiondakı mövqeyinin əvvəlki qədər dominant görünməməsi, İranla qarşıdurmanın dərinləşməsi, Qırmızı dəniz və Hörmüz boğazı ətrafında yaranan risklər ərəb ölkələrini və regionun digər əsas güclərini öz təhlükəsizlik mexanizmlərini yenidən nəzərdən keçirməyə vadar edir.
Belə bir şəraitdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın avqustun 7-də imzaladığı “Məkkə Birgə Müdafiə Sazişi” adi hərbi əməkdaşlıq sənədindən daha böyük siyasi məna daşıyır. Sazişin əsas prinsipi olduqca diqqətçəkəndir: üç ölkədən birinə qarşı silahlı hücum digər iki dövlətə qarşı da hücum hesab ediləcək.
Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, sənəd “tamamilə müdafiə xarakterlidir”, konkret dövlətə qarşı yönəlməyib və digər ölkələrin də gələcəkdə bu əməkdaşlığa qoşulmasına açıqdır. Bu müddəa NATO-nun kollektiv müdafiə prinsipini xatırladır.
Lakin “Məkkə sazişi”ni indidən “müsəlman NATO-su” adlandırmaq müəyyən mənada siyasi şişirtmə olardı. Çünki NATO-nun onilliklər ərzində formalaşmış vahid komandanlıq sistemi, hərbi infrastrukturu və institusional mexanizmləri var. Yeni üçtərəfli formatın isə hələ belə bir struktura malik olduğu barədə əsas yoxdur. Bununla belə, sənədin siyasi çəkisini də kiçiltmək olmaz. Burada üç fərqli hərbi və geosiyasi imkan bir araya gəlir: Türkiyənin NATO üzvü kimi böyük və texnoloji cəhətdən inkişaf etmiş ordusu, Pakistanın nüvə çəkindirməsi və hərbi təcrübəsi, Səudiyyə Ərəbistanının maliyyə və regional imkanları. Məhz bu kombinasiya yeni formatı maraqlı edir. Əslində, bu proses dünən başlamayıb. Səudiyyə Ərəbistanı və Pakistan hələ 2025-ci ilin sentyabrında qarşılıqlı müdafiə sazişi imzalamışdı. Həmin sənəddə də birinə qarşı təcavüzün hər ikisinə qarşı təcavüz hesab olunacağı bildirilmişdi. 2026-cı ilin əvvəlindən isə Türkiyənin bu mexanizmə qoşulması ilə bağlı danışıqların getdiyi məlum idi. Bu gün isə proses artıq rəsmiləşib.
İndi sual yaranır - İran niyə narahatdır? Sazişin rəsmən İrana qarşı yönəlmədiyi dəfələrlə vurğulanır. Türkiyə və Pakistan tərəfi də bunu açıq şəkildə bildirir. Lakin beynəlxalq siyasətdə sənədlərin yalnız üzərində yazılanlara deyil, onların hansı şəraitdə meydana gəldiyinə də baxılır. Məhz bu baxımdan Tehran üçün yeni ittifaqın meydana çıxması narahatedici ola bilər. İranın regionda ənənəvi təsir alətlərindən biri proksi qüvvələrdir.
Yəməndə husilər, İraqda müxtəlif silahlı qruplar və Livandakı Hizbullah Tehranın regional siyasətində mühüm rol oynayıb. İndi isə İranın regional təsir dairəsinin qarşısında daha koordinasiyalı müdafiə mexanizminin yaranması ehtimalı meydana çıxır. Üstəlik, sazişin imzalanmasından cəmi iki gün sonra İranla əlaqəli husilər Səudiyyə Ərəbistanının Cizan bölgəsindəki Aramco neft emalı obyektinə hücum etdiklərini açıqlayıblar. Bu hücumun özü yeni sazişin praktik sınağına çevrilə bilər. Burada əsas sual yaranır - Səudiyyə Ərəbistanına qarşı belə hücumlar davam edərsə, Türkiyə və Pakistan bunu “Məkkə sazişi” çərçivəsində özlərinə qarşı da təhdid hesab edəcəklərmi? Hələlik bu suala müsbət cavab vermək mümkün deyil. Çünki kollektiv müdafiə maddəsinin mövcudluğu avtomatik olaraq Türkiyə və Pakistanın Yəməndə hərbi əməliyyata başlayacağı anlamına gəlmir. Əksinə, belə sazişlərdə hücumun xarakteri, onun kim tərəfindən həyata keçirildiyi, dövlət və qeyri-dövlət aktoru arasındakı fərq və tərəflərin konkret öhdəliklərinin necə şərh olunması mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Ankaranın və İslamabadın husilərə qarşı birbaşa müharibəyə qoşulacağını indidən söyləmək tezdir. Pakistan üçün məsələ xüsusilə həssasdır. İslamabad artıq husilərin Səudiyyəyə hücumlarından sonra özünün Səudiyyə ilə müdafiə sazişinə sadiqliyini təsdiqləyib. Lakin eyni zamanda Pakistanın İranla münasibətləri, regionda vasitəçilik ambisiyaları və ABŞ-İran qarşıdurmasına cəlb olunmaq istəməməsi onun manevr imkanlarını məhdudlaşdırır.
"Reuters" də iyul ayında husilərin Səudiyyəyə hücumlarının Pakistanı ABŞ-İran qarşıdurmasına daha dərindən cəlb edə biləcəyindən narahatlıq yarandığını yazmışdı. Türkiyənin vəziyyəti də fərqlidir. Ankara regionda hərbi gücə malik olsa da, bütün problemləri hərbi yolla həll etməkdə maraqlı deyil. Türkiyə üçün İranla münasibətlərin tamamilə düşmənçilik müstəvisinə keçməsi arzuolunan ssenari deyil. Buna görə də Ankara ilk mərhələdə birbaşa Yəmən əməliyyatından daha çox, hava hücumundan müdafiə, kəşfiyyat, hərbi-texniki əməkdaşlıq, silah və logistika dəstəyi kimi mexanizmlərə üstünlük verə bilər.
Azərbaycan üçün nə dəyişir? Bu sual Bakının xüsusi diqqət yetirməli olduğu məsələlərdəndir. Çünki üç ölkədən ikisi - Türkiyə və Pakistan - Azərbaycanın strateji tərəfdaşları və müttəfiqləridir. Azərbaycan-Pakistan münasibətləri son illərdə müdafiə və hərbi-texniki sahələr də daxil olmaqla genişlənib. 2026-cı ilin mayında Azərbaycan və Pakistan rəsmiləri müdafiə sənayesi və regional təhlükəsizlik məsələlərində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında da hərbi əlaqələr inkişaf edir. 2025-ci ildə iki ölkənin müdafiə rəhbərliyi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Həmin ilin oktyabrında müdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin iclası keçirilib və əməkdaşlığın inkişafına dair protokol imzalanıb.
Deməli, Azərbaycan bu yeni təhlükəsizlik arxitekturasının tamamilə kənarında deyil. Lakin Bakı üçün ən düzgün strategiya bu üçtərəfli ittifaqın avtomatik iştirakçısına çevrilməkdən daha çox, Türkiyə və Pakistanla mövcud strateji münasibətləri, Səudiyyə Ərəbistanı ilə inkişaf edən hərbi əməkdaşlığı və özünün müstəqil xarici siyasət xəttini paralel şəkildə qorumaqdır. Azərbaycanın bu formatdan əldə edə biləcəyi əsas üstünlük hərbi ittifaqa qoşulmaqdan çox, yeni yaranan təhlükəsizlik və müdafiə əməkdaşlığı şəbəkəsində öz mövqeyini gücləndirməkdir.
Xüsusilə müdafiə sənayesi, pilotsuz sistemlər, hava hücumundan müdafiə, kibertəhlükəsizlik, hərbi təhsil və kəşfiyyat mübadiləsi kimi sahələr Azərbaycan üçün real imkanlar yarada bilər. Bu, ABŞ-dan uzaqlaşma deməkdirmi? Maraqlı məqamlardan biri də budur ki, üç ölkənin heç biri ABŞ-la münasibətləri tamamilə kəsmək niyyətində deyil.
Əksinə, Türkiyə NATO üzvüdür, Pakistan ABŞ-la müxtəlif səviyyələrdə əməkdaşlıq edir, Səudiyyə Ərəbistanı isə Vaşinqtonun Körfəzdəki əsas tərəfdaşlarından biridir. Bu səbəbdən “Məkkə sazişi”ni ABŞ-a qarşı yaradılmış alternativ hərbi blok kimi təqdim etmək də düzgün olmaz. Daha doğru yanaşma budur - region ölkələri artıq təhlükəsizliklərini yalnız Vaşinqtonun təminatlarına bağlamaq istəmirlər. Bu, Yaxın Şərqdə daha geniş tendensiyanın bir hissəsidir. 2019-cu ildə Səudiyyə neft obyektlərinə hücumlar zamanı ABŞ-ın reaksiyasının məhdud olması, sonrakı illərdə regionda baş verən proseslər və xüsusilə 2025-ci ildə Qətərə qarşı İsrail hücumları ərəb dövlətlərində ABŞ-ın təhlükəsizlik təminatlarına dair sualları artırıb.
“Məkkə sazişi”ni Yaxın Şərqdə strateji muxtariyyət axtarışının növbəti mərhələsi kimi qiymətləndirmək daha doğru olar. Əsas məsələ bundan sonra başlayır. Sazişin əsl gücü onun imzalanmasında deyil, ilk ciddi böhranda necə işləyəcəyində üzə çıxacaq. Əgər Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumları davam edərsə, Ankara və İslamabadın reaksiyası bütün suallara cavab verəcək. Əgər tərəflər Səudiyyənin müdafiəsinə real hərbi resurslar ayırmağa, hava hücumundan müdafiə sistemlərini inteqrasiya etməyə, kəşfiyyat məlumatlarını bölüşməyə və lazım gəldikdə hərbi qüvvə tətbiq etməyə hazırdırlarsa, o zaman “Müsəlman NATO-su” ifadəsi artıq yalnız siyasi metafora olmayacaq.
Əks halda, “Məkkə sazişi” daha çox çəkindirmə və siyasi siqnal mexanizmi olaraq qalacaq. İndiki mərhələdə ikinci variant daha real görünür. Çünki tərəflərin hər üçünün öz regional prioritetləri və potensial münaqişələrə münasibətdə fərqli hesablamaları var. Lakin bir həqiqət artıq ortadadır: Yaxın Şərqdə təhlükəsizlik sistemi yenidən qurulur və bu prosesdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı özlərinə ayrıca yer açmağa çalışırlar. Azərbaycan üçün əsas məsələ isə bu yeni geosiyasi xəritədə emosional deyil, praqmatik davranmaqdır. Bakı həm Türkiyə və Pakistanla strateji münasibətlərini daha da dərinləşdirə, həm Səudiyyə Ərəbistanı ilə müdafiə və iqtisadi əməkdaşlığı genişləndirə, həm də özünün balanslı və müstəqil xarici siyasət imkanlarını qoruya bilər. Başqa sözlə, “Məkkə sazişi” Azərbaycan üçün yeni bir hərbi blokun üzvü olmaqdan daha çox, dəyişən regional təhlükəsizlik sistemində əlavə diplomatik və müdafiə imkanlarının yaranması deməkdir.
Siyasət şöbəsi
Şərhlər