Foto 16:16 16.11.2022

Davamçılar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar

"Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş baş tutub.               

Görüşdə hakim Ceyhun Qaracayev, Aparatın Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, şöbə müdirinin müavini İntiqam Eyvazov, Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Mirzəyeva, Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov və davamçılar iştirak edib.

Görüş zamanı gənclərə konstitusiya və onun əsasları, Konstitusiya Məhkəməsinin başlıca fəaliyyət istiqamətləri, Məhkəmə Plenumunun qərarları barədə ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb. 

Sonda gənclər Konstitusiya Məhkəməsinin binası və Plenum zalı ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, "Davam” Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünaslar, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.