Siyasət 18:49 16.01.2023

Davos Forumu hansı məsələlər müzakirə olunacaq? - Ekspert

"Davos Forumunda Rusiya-Ukrayna savaşının dünya iqtisadiyyatına vurduğu ziyanlar müzakirə olunacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bu gündən işə başlayan Davos İqtisadi Forumunun fəaliyyətini dəyərləndirərkən deyib. Ekspert bildirib ki, pandemiyadan sonra dünya dövlətlərinin Davosda bir yerə toplaşması koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyanın müəyyən edilməsi ilə bağlı müzakirələrə həsr olunacaq:

"Burada həmçinin, Rusiya ilə Ukrayna arasında yaşanan məlum gərginlik də müzkirə predmeti olacaq. Çünki həmin qarşıdurma Aİ ölkələrinin iqtisadiyyatına ciddi zərbə vurub. Qərbin sanksiyaları Rusiyanı çökdürməyib. Sanksiyalarla Rusiyanın iqtisadiyyatına 160 milyon avro ziyan dəysə də, bu ölkə Avropaya qaz nəqlilə 540 milyon avro qazanıb. Yəni, Rusiyaya qarşı sanksiyalar Qərbin gözləntilərini doğrultmayıb. Ona görə Rusiya ilə bağlı məsələnin müzakirəsi də istisna deyil”.

Azərbaycan dövlət başçısının Davosa getməməsinə gəlincə, həmsöhbətimiz indiki halda Bakının belə bir tədbirdə olmamasının səbəbini ölkəmizin əsas diqqətinin bərpa və Qarabağa qayıdışla bağlı məsələlərə yönəlməsilə əlaqələndirdi:
 
"Azərbaycanın əsas problemi pandemiya və Ermənistan işğalı nəticəsində ölkəmizə dəyən ziyanın nəticələrinin aradan qaldırılmasına hesablanıb. Azərbaycan Qərbin enerji təchizatında etibar qazanmış dövlət olsa da, ölkəmizə münasibətdə Qərbdə münasibət eyni deyil. Qərbin ölkəmizə olan marağı hələlik Avropanın enerji təhlükəsizliyində oynadığı rolla bağlıdır. Azərbaycan Qarabağa qayıdışla bağlı məsələdə Türkiyə şirkətləri, İtaliya, müəyyən mənada İsraillə əməkdaşlığa üstünlük verir. Bakı Qarabağa qayıdış kontekstində məhz bu dövlətlərlə əməkdaşlığa üstünlük verdiyindən, Davos formunda iştirak etməyin elə bir əhəmiyyəti yoxdur”. 

Qeyd edək ki, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində "Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
 
Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Əvvəlki illərdən fərqli olaraq, Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Bu da Rusiyanın Ukraynaya hücumu ilə bağlıdır. 

Rüfət Sultan