2026-cı il Dünya Kubokunda qrup mərhələsində ilk oyununu şənbə günü Şotlandiyaya qarşı keçirəcək Haiti milli komandası turnirin başlamasına az qalmış formalarını dəyişdirmək məcburiyyətində qalıb.
Qaynarinfo xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Haitinin Dünya çempionatı üçün hazırladığı formaların üzərindəki bəzi vizual elementləri "siyasi məzmunlu” hesab edərək onların istifadəsini qadağan edib. Qərardan sonra komanda təcili şəkildə yeni formalar sifariş etməli olub.
Formaların istehsalçısı olan "Saeta” şirkəti yazılı açıqlamasında FİFA ilə əməkdaşlıq edərək dizaynın qaydalara uyğunlaşdırıldığını bildirib.
Şirkətin açıqlamasında deyilir:
"Haiti Futbol Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində məqsədimiz Haiti xalqının qürurunu, dözümlülüyünü və ruhunu əks etdirən forma yaratmaq idi. Bir neçə ay ərzində müxtəlif konsepsiyalar hazırlanaraq FİFA-nın standart təsdiq prosesinə təqdim olunub. Son dizayn Haitinin gələcəyinə töhfə verən qadın və kişilərə ehtiram əlaməti idi və heç bir siyasi mesaj daşımırdı".
Məlumata görə, yoxlama prosesi zamanı FİFA bəzi vizual elementlərin fərqli şəkildə şərh oluna biləcəyini hesab edib və dizaynda dəyişiklik edilməsini tələb edib.
Mübahisəyə səbəb nə olub?
Haitinin mavi, ağ və qırmızı rənglərdən ibarət formalarında milli komandanın emblemi sinənin mərkəzində yerləşir. FİFA ilə mübahisəyə səbəb olan hissə isə formanın sağ aşağı hissəsində yerləşdirilmiş Vertyer döyüşü və Haiti İnqilabından ilhamlanan siluet təsvirləri olub.
Həmin təsvir Haitinin müstəqil dövlət kimi istifadə etdiyi ilk bayrağa istinad edir. Haiti İnqilabından sonra ölkənin müstəqilliyini elan edən Jan-Jak Dessalin Fransız bayrağındakı ağ zolağı qopararaq çıxarmışdı. Bu hadisə Haitidə hər il mayın 18-də Bayraq Günü kimi rəsmi şəkildə qeyd olunur.
Aydın
Şərhlər