Xəbər lenti

DÇ-2026 sadəcə futbol deyil: Trampın içində olduğu plan nədir və gizli kassa niyə açılmadı?
Dünya 13:20 12.06.2026

DÇ-2026 sadəcə futbol deyil: Trampın içində olduğu plan nədir və gizli kassa niyə açılmadı?

FIFA ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026 Dünya Kubokunun yalnız idman yarışı deyil, həm də siyasi və diplomatik təsirləri olan genişmiqyaslı bir prosesə çevrildiyi iddiaları fonunda diqqət mərkəzindədir. 

Qaynarinfo xəbər verir ki, FIFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Tramp ilə qurduğu yaxın münasibətlərin turnirin gedişatına təsir etdiyi barədə müzakirələr güclənir.

FİFA Şurasını təəccübləndirən fikir

Məlumata görə, Dünya Kuboku hazırlıqları çərçivəsində Canni İnfantino ilk dəfə "FIFA sülh mükafatı”nın təsis olunmasını təklif edib və bu mükafatın ilk sahibinin Donald Tramp olması planlaşdırılıb. Vaşinqtonda keçirilən mərasimdə Trampa xüsusi mükafat və medal təqdim edilib, İnfantino isə çıxışında futbol ailəsinin "sülh proseslərinə dəstək verəcəyini” bildirib.

FİFA mənbələrinə istinadən iddia olunur ki, bu addımın arxasında yalnız simvolik məqsəd deyil, həm də ABŞ administrasiyası ilə əlaqələri gücləndirmək niyyəti dayanıb. Trampın Nobel Sülh mükafatına marağı fonunda bu jestin siyasi mesaj daşıdığı bildirilir.



11 milyard dollarlıq layihə və siyasi zəmanət axtarışı

2026 Dünya Kubokunun təxminən 11 milyard dollarlıq nəhəng layihə olduğu qeyd edilir. Turnirin təşkilati çətinlikləri təkcə stadionlar və logistikaya deyil, həm də ABŞ-ın miqrasiya və viza siyasətinə bağlıdır.

İddialara görə, İnfantino ABŞ hökuməti ilə yaxın münasibət quraraq turnirin maneəsiz keçirilməsini təmin etməyə çalışır. "Wall Street Journal” yazır ki, FİFA daxilində bəzi rəsmilər bu əlaqələrin turnirin uğuru üçün həlledici olduğunu düşünür.

Tarixin ən mürəkkəb Dünya Kuboku

Bu turnir ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. ABŞ-ın bəzi ölkələrə tətbiq etdiyi səyahət məhdudiyyətləri fonunda iştirakçı heyətlərin viza problemləri də gündəmdədir.

Məlumatlara görə, minlərlə futbolçu viza alsa da, texniki heyətlər və digər nümayəndələr üçün risklər qalmaqdadır. Hətta Somalidən olan bir hakimin ABŞ-a buraxılmaması diplomatik narazılıqlara səbəb olub.



Avropadan sərt tənqidlər

Avropada bir sıra təşkilatlar və insan haqları qurumları FIFA-nın siyasi tərəfsizliyini itirdiyini iddia edir. Xüsusilə Trampa verilən "sülh mükafatı” etik müzakirələrə səbəb olub və FIFA-ya rəsmi şikayət ünvanlanıb.

Tənqidçilər təşkilatın beynəlxalq idmanı siyasi fiqurların təsirinə açdığını bildirirlər.

Gizli kassa qalmaqalı

Canni İnfantinonun sələfi Zep Blatter dövrünə aid olduğu iddia edilən və içində maliyyə sənədləri və nağd vəsaitlərin olduğu gizli kassa məsələsi də gündəmdədir. İnfantinonun bu kassanı açmaqdan imtina etdiyi bildirilir.

Bu addım futbol ictimaiyyətində şəffaflıqla bağlı sualları yenidən gündəmə gətirib.



ABŞ ilə güclənən əlaqələr

İnfantinonun ABŞ siyasi və biznes dairələri ilə əlaqələrində Donald Trampın kürəkəni Cared Kuşner, keçmiş futbol rəsmisi Karlos Kordeyro və "New England Patriots” sahibi Robert Kraft kimi şəxslərin rol oynadığı iddia edilir.

"Wall Street Journal”ın məlumatına görə, İnfantino Trampın yenidən prezident seçilməsindən sonra Vaşinqtona daha yaxın mövqe sərgiləyib və bu əlaqələr Dünya Kuboku hazırlıqlarında mühüm rol oynayıb.

2026 Dünya Kuboku təkcə idman turniri deyil, eyni zamanda qlobal siyasət, diplomatiya və iqtisadi maraqların kəsişdiyi böyük bir platforma kimi qiymətləndirilir. FIFA və ABŞ arasındakı əməkdaşlığın dərinliyi isə turnirin gələcək gedişatına dair müzakirələri daha da artırır.

Aydın

--> -->