"Apple" yaxın aylarda və 2027-ci il ərzində iPad seriyası üçün bir sıra yeniliklər təqdim etməyə hazırlaşır.
Qaynarinfo bgr-ya istinadən xəbər verir ki, şirkətin planlarına yeni süni intellekt funksiyalarına malik Siri, yenilənmiş iPad mini, Apple Intelligence dəstəyi alan baza model iPad, daha güclü iPad Air və iPad Pro, həmçinin yeni nəsil Apple Pencil daxildir.
Siri süni intellekti iPad-lərə gəlir
"Apple"ın iki ildir üzərində işlədiyi yeni nəsil Siri bu payız istifadəyə veriləcək. Hazırda beta versiyada sınaqdan keçirilən sistem Gemini texnologiyası və Apple-ın Foundation Models platforması əsasında fəaliyyət göstərir.
Yeni Siri istifadəçilərə mətnləri redaktə etmək, yazışmaları və fotoları tapmaq, ekranda göstərilən məlumatları izah etmək, həmçinin gündəlik tapşırıqları daha rahat yerinə yetirmək imkanı verəcək.
Bu funksiyalar iPadOS 27 yeniləməsi ilə uyğun iPad modellərində istifadəyə açılacaq.
Yeni dizaynlı iPad mini hazırlanır
"Bloomberg"in məlumatına görə, "Apple" OLED ekranlı yeni iPad mini təqdim etməyi planlaşdırır.
Məlumata əsasən, planşet 60 Hz yenilənmə tezliyinə malik olacaq və ProMotion texnologiyasını dəstəkləməyəcək.
Yeni modelin A19 Pro və ya A20 Pro prosessoru, həmçinin "Apple"ın hazırladığı modem və rabitə çipləri ilə təchiz ediləcəyi gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, yeni iPad mini gələcəkdə təqdim olunacaq qatlanan iPhone modeli ilə müəyyən rəqabət yarada bilər.
Apple Intelligence baza model iPad-ə də gələcək
Apple Intelligence funksiyalarının yaxın illərdə şirkətin ən əlçatan iPad modelində də istifadəyə veriləcəyi gözlənilir.
Məlumata görə, yeni baza model iPad A18 və ya A19 prosessoru, ən azı 8 GB operativ yaddaş və Apple Intelligence dəstəyi ilə təchiz ediləcək.
Lakin bəzi məlumatlara əsasən, qiymət artımı və yaddaş komponentlərinin bahalaşması səbəbindən bu modelin təqdimatı 2027-ci ilə təxirə salına bilər.
iPad Air və iPad Pro daha da güclənəcək
"Bloomberg" bildirir ki, "Apple" 2027-ci ilin yazında yeni iPad Air və iPad Pro modellərini təqdim etməyi planlaşdırır.
Yeni iPad Air-in M5 prosessoru ilə təchiz olunacağı gözlənilir. Şirkətin məlumatına görə, bu çip süni intellekt tapşırıqlarında M4 ilə müqayisədə 3,5 dəfəyədək daha yüksək məhsuldarlıq təqdim edir.
iPad Pro modelində isə M6 əvəzinə birbaşa M7 prosessorunun istifadə oluna biləcəyi ehtimal edilir. Bu çip xüsusilə süni intellekt əməliyyatlarının daha sürətli yerinə yetirilməsi üçün nəzərdə tutulacaq.
"Apple" yeni USB-C Apple Pencil və Apple Pencil Pro üzərində də işləyir.
Məlumata görə, əsas yenilik batareya sistemində olacaq. Yeni konstruksiya sayəsində istifadəçilər batareyanı daha rahat dəyişə biləcəklər ki, bu da Avropa İttifaqının yeni tələblərinə uyğunlaşdırılır.
Hazırda Apple Pencil modellərinə əlavə funksiyaların daxil ediləcəyi barədə dəqiq məlumat yoxdur.
Yeni Apple Pencil modellərinin 2027-ci ildə təqdim ediləcək iPad Air və iPad Pro planşetləri ilə birlikdə satışa çıxarılması gözlənilir.
Günay
Şərhlər