Kompüter komponentləri bazarında qiymət artımı davam edir.
Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan TSMC istehsal xərclərinin yüksəlməsini əsas gətirərək çip istehsalı qiymətlərini artırmağa hazırlaşır. Bu isə yaxın illərdə kompüter avadanlıqlarının daha da bahalaşa biləcəyinə işarə edir.
Sistem toplayan və ya kompüterini yeniləmək istəyən istifadəçilər artıq bir müddətdir videokart və operativ yaddaş bazarında qiymət dəyişkənliyi ilə üzləşirlər. Sənayedə vəziyyətin tezliklə normallaşacağına dair gözləntilər olsa da, son məlumatlar qiymət təzyiqinin davam edəcəyini göstərir.
"TSMC" qiymətləri artıracaq
"Nikkei Asia" nəşrinin məlumatına görə, Tayvanın TSMC şirkəti yeni zavodlara yatırımların və xammal xərclərinin artmasını əsas gətirərək 2027-ci ildən etibarən standart çip istehsalı xidmətlərinin qiymətlərini təxminən 10 faiz artırmağı planlaşdırır.
Süni intellekt və yüksək məhsuldarlıqlı hesablama (HPC) sahəsində istifadə olunan çiplər üçün təcili sifarişlərdə isə qiymət artımının 15 faizə qədər çatacağı bildirilir.
"Apple", "Nvidia", "AMD" və "Qualcomm" kimi aparıcı texnologiya şirkətlərinin çiplərinin TSMC tərəfindən istehsal olunduğu nəzərə alınarsa, bu bahalaşmanın yaxın illərdə son məhsulların satış qiymətlərinə də təsir göstərə biləcəyi gözlənilir.
Almaniyada "DDR5" yaddaşların qiyməti rekord həddə çatıb
İstehsal sahəsindəki təzyiqlə yanaşı, operativ yaddaş bazarında da qiymət artımı davam edir.
Almaniyanın "3D Center" analitik mərkəzinin araşdırmasına görə, ölkədə "DDR5" operativ yaddaş modullarının qiyməti 2026-cı ilin iyul ayında tarixi maksimum səviyyəyə yüksəlib.
Araşdırmaya əsasən, böhrandan əvvəlki dövrlə müqayisədə "DDR5" yaddaş modullarının qiyməti 448 faiz artıb.
İlin əvvəlində artım təxminən 440 faiz səviyyəsində olsa da, yaz aylarında qismən sabitləşən qiymətlər iyun və iyul aylarında yenidən yüksəlişə keçib.
Analitiklər hesab edirlər ki, operativ yaddaş bazarında qiymət artımı 2026-cı ilin ikinci yarısında da davam edəcək.
Aydın
Şərhlər