İdman 10:47 24.01.2023

Diniyev komandasını dəyərləndirdi: “Yeni oyun stili, sistem, fəlsəfə gəlir”

Bir neçə gün öncə Türkiyədə təlim-məşq toplanışını başa vuran "Səbail” mövsümün qalan hissəsinə hazırlıqlarını davam etdirir. Komanda fasilədən sonra ilk matçını ayın 26-da "Şamaxı”ya qarşı keçirəcək. 

Baş məşqçi Şahin Diniyev Qaynarinfo-ya komandanın hazırlıqları ilə bağlı müsahibə verib. O, Türkiyə toplanışını dəyərləndirməklə yanaşı, "Səbail”dəki dəyişikliklərdən də danışıb:

- Türkiyə toplanışını necə dəyərləndirirsiniz?

- Mənə elə gəlir, komanda təlim-məşq toplanışından səmərəli istifadə edə bildi. 14 gün ərzində 20 məşq, 3 oyun keçirdik. Bu da işin nə qədər çox olduğunu göstərir. Əlbəttə, 20 məşq və üç yoldaşlıq görüşü fiziki cəhətdən komanda üçün böyük yüklənmə idi. Futbolçular bunu tamamilə başa düşürdülər və onlara minnətdaram ki, bütün dediklərimizi həyata keçirə bildilər. Qısa zaman ərzində əsas fikrimiz funksional hazırlığı yerinə qoymaq idi. Keçdiyimiz məşqlərdə 100 faiz olmasa da, bunun çox hissəsini bacardıq. Bilirsiniz ki, bir çoxları futbolda nəticələrin vacib olmadığını deyir. Əlbəttə, nəticələr də vacibdir. Əsas odur ki, nəyin üzərində işlədiyini bilirsən. Bizim də istiqamətimiz fiziki-funksional hazırlıq idi. Fikrimizi ona yönəltmişdik deyə oyunlarda yorğunluq oldu. Hər üç rəqib həqiqətən səviyyəli idi. Komanda üçünə də qarşı normal futbol oynamağa çalışdı və mənə elə gəlir heç birindən geri qalmadı. Polşa lideri və Çexiyanın 4-5-ci komandası ilə heç-heçə oynadıq. Zədəlilərimiz, xəstələnənlər oldu. Virus yayıldığı üçün futbolçular 2-3 gündən bir məşqləri buraxırdılar. Demək olar, hamısı eyni vaxtda məşqə gələ bilmirdi. Petro Stasiukun zədəsi ciddi idi. Bu gündən məşqlərə başlayıb, normaldır. Ağabalanın kiçik zədələri vardı. Ruslan Hacıyev tam bərpa olunmadı. Ona görə də komandadan ayırdım ki, onunla sırf həkim məşğul olsun və tam sağlam şəkildə bizə qoşulsun. Hazırlığı normal sayıram. Məşqləri Bakıda davam etdiririk, "Şamaxı” ilə oyuna hazırlaşırıq.

- "Səbail” mövsümün qalan hissəsinə nə qədər hazırdır?

- Bu dəqiqə heç kim tam hazır deyil. Çatışmazlıqlar var. Qısa müddət ərzində çempionat başladı. 20 gün ərzində komandanı yüksək səviyyəyə gətirmək… Fiziki hazırlığa yönəlmişiksə, deməli, texniki-taktiki baxımından problemlər olacaq. Bu gözləniləndir, çünki yeni oyun stili, sistem, fəlsəfə gəlir. Bunu "oturtmaq” üçün 20 gün az vaxtdır. Belədə nəyisə buraxmalı olursan, qurban verirsən. Əsas odur ki, futbolçuların psixoloji durumları normaldır, özünəinamları var. Bir yumruq kimi birləşiblər, xarakter göstərməlidirlər. Fikrimcə, sistemə "oturtmaq” dərəcəsinə az qalıb. 
 
- Artıq xeyli müddətdir baş məşqçisiniz və futbolçuları tanıyırsınız. Komandada əsasən nəyi dəyişməyə çalışırsınız?

- Keçmişdən danışmaq istəmirəm, komandaya gəlirsənsə, o sənindir. "Keçmişdə necə olub”, "sənin futbolçuların deyil”, "zaman lazımdır” kimi fikirlər ikinci dərəcəlidir. Mənə elə gəlir ki, ən başlıcası psixoloji durumu, özünəinamı qaytarmaq idi. Haradasa buna nail olduq və çempionatda görünəcək. 

- Bəs hansı yeniliklər etməyi düşünürsünüz?

- Qış bazarında hansısa transferlər etmək çətindir. Yaxşı futbolçuların sayı çox azdır, tapmaq demək olar, qeyri-mümkündür. Adil Nağıyev "Səbail”ə qayıtdı. Əcnəbilərdən David Qomisi götürdük. Yaxşı vingerdir, texnikaya, sürətə malik futbolçudur. Oyun sistemimizə daha yaxındır. Heyətdəki futbolçuların heç birinə dəymədik. Onlarla nəticə qazanmağa çalışacağıq. 

- Cəmi 1 transfer etməyiniz büdcə ilə əlaqədardır, yoxsa istədiyiniz futbolçuları tapa bilmədiniz?

- Büdcə ilə bağlı heç bir problem yoxdur. Rəhbərlik tərəfindən 5, 6 futbolçu təklifləri oldu. Bu zamanda kiminsə gətirilməsi çox risklidir. Qısa vaxt ərzində komandaya uyğunlaşması lazımdır. Ən əsas səbəb yaxşı futbolçuların az olmasıdır.

- Necə futbolçudur, tam formadadırmı? Potensialı nədir?

- Fiziki forması 100 faiz deyil. Gündə iki dəfə onunla məşğul oluruq. Türkiyədə də bir-iki gün ona məşq keçdik. Sonra pasportu düzəltmək üçün Fransaya yollandı, ayın 20-dən bizə qoşuldu. İstənilən halda vaxt itkisi oldu. Ancaq çəki baxımından problemi yoxdur. Hazırkı durumda 45 dəqiqə oynamağa gücü çatar. Zaman-zaman bu dəqiqələri artıracağıq. 

- Başqa hansı mövqelərdə boşluqlar var?

- Bəlkə də bir stopperə ehtiyacımız var, ancaq tapa bilmirik. Tapa bilməsək də, belə davam edəcəyik yəqin ki. İndiki heyət vəziyyətdən çıxmaq üçün kifayətdir. 

- Klub tərəfindən azarkeş aparılmışdı?

- Fanklubdan gələnlər vardı. Klub onları dəvət etmişdi. Məşqləri, oyunları izləyirdilər. 

Səbuhi Həsənov