
Son günlər Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarının icrası ətrafında baş verənlər, beynəlxalq mediada, eləcə də sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan qərəzli informasiya manipulyasiyaları və ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri ciddi narahatlıq doğurur.
Qaynarinfo-nun məlumatına görə, Demokratik İslahatlar Partiyası hesab edir ki, Azərbaycanın dünyəvi dövlətçilik prinsipləri, milli-mənəvi dəyərləri və müstəqil qərarları siyasi manipulyasiya vasitəsinə çevrilməməlidir. Partiyanın sədri Asim Mollazadənin oktyabrın 12-də yerli mediada dərc olunan “Öz yolunu seçmək hüququ: Dünyəvi məktəb, maarifçilərin irsi və seçim azadlığı haqqında” məqaləsində də vurğulandığı kimi, dünyəvi təhsilin məqsədi uşağı inancdan məhrum etmək deyil, onun gələcəkdə öz inancını sərbəst seçmək hüququnu qorumaqdır.
Demokratik İslahatlar Partiyası Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini qətiyyətlə pisləyir və dövlətin dünyəvi təhsil prinsiplərinin qorunmasına yönəlmiş siyasətini dəstəkləyir. Vahid məktəbli geyimi ilə bağlı hökumətin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarını təhsil mühitində bərabərliyin, vahidliyin və məktəblilərin sosial fərqlərdən qorunmasının təmin olunması hesab edir.
Bir daha bəyan edirik ki, Azərbaycan cəmiyyətinin inkişaf yolu, təhsil siyasəti ilə bağlı qərarlar ölkəmizin qanunvericiliyi, milli maraqları və xalqımızın, ölkədəki mütləq çoxluğun iradəsi əsasında müəyyənləşdirilməlidir.