Xəbər lenti

Hikmət Babaoğlu: "Dini pərdəyə bürünən ideoloji müdaxilələr milli kimliyimizi hədəfə alır"
Siyasət14:53 15.10.2026

Hikmət Babaoğlu: "Dini pərdəyə bürünən ideoloji müdaxilələr milli kimliyimizi hədəfə alır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda dini amildən istifadə etməklə gənc nəslin düşüncəsinə təsir göstərməyə, onun milli identikliyini zəiflətməyə və dövlətlə vətəndaş arasında qarşıdurma yaratmağa çalışan qüvvələr var. Bu, təkcə ideoloji təxribat deyil, həm də milli şüuru və cəmiyyətin mənəvi bütövlüyünü hədəfə alan yanaşmadır. İranın uzun illərdir Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərdiyini müşahidə edirik".

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qərarın Türkiyədə müzakirələrə səbəb olmasını şərh edərkən deyib.

Deputat Türkiyədəki bəzi ictimai platformaların da məsələnin mahiyyətini araşdırmadan Azərbaycanda qəbul edilmiş qərara tənqidi münasibət bildirməsini narahatlıq doğuran hal kimi qiymətləndirib:

“Paradoksal məqam ondan ibarətdir ki, Türkiyədəki bəzi ictimai platformalar da bu prosesə qoşulublar. Məsələnin mahiyyətini dərindən anlamadan, onun hüquqi və ictimai əsaslarını araşdırmadan Azərbaycanın sosial və milli maraqlarının tələb etdiyi addımlara qarşı tənqidi mövqe sərgiləyirlər. Bu cür yanaşma Türkiyə-Azərbaycan münasibətlərinin arzuolunmaz istiqamətdə inkişafına səbəb ola bilər”.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan suveren dövlət olaraq milli maraqlarını qorumaq, təhsil siyasətini müəyyənləşdirmək və bu sahədə müstəqil qərarlar qəbul etmək hüququna malikdir:

"Azərbaycan müstəqil dövlətdir və milli maraqlarını həmişə qoruyub, bundan sonra da qoruyacaq. Biz övladlarımızın, gələcək nəslimizin məktəb yaşlarından etibarən müxtəlif dini qrupların, radikal məzhəbçi dairələrin və xurafatçı qüvvələrin təsiri altına düşməsinə, onların düşüncəsinin manipulyasiya edilməsinə yol verə bilmərik. Bu, qətiyyən qəbulolunmazdır".

Deputatın fikrincə, Türkiyədə keçirilən aksiyalar və sosial şəbəkələrdə səsləndirilən tənqidlər fonunda Azərbaycanın mövqeyini düzgün izah etmək, qərarın mahiyyəti ilə bağlı yanlış təsəvvürlərin qarşısını almaq vacibdir:

"Düşünürəm ki, bu cür tənqidlər əsassızdır. Məsələnin mahiyyətini həm sosial şəbəkələr, həm də ənənəvi media vasitəsilə cəmiyyətə ətraflı izah etməliyik. Türkiyədəki aksiyalar və müzakirələr fonunda ictimai məlumatlandırma tədbirləri həyata keçirilməlidir. Aydın şəkildə çatdırılmalıdır ki, Azərbaycanda hər hansı dini inanca və ya etiqada qarşı qadağa yoxdur. Söhbət dini etiqad azadlığının məhdudlaşdırılmasından deyil, təhsil müəssisələrində müəyyən edilmiş qaydaların tətbiqindən gedir".

Hikmət Babaoğlu əlavə edib ki, vahid məktəbli geyimi ilə bağlı qərarın əsas məqsədi milli düşüncəyə malik, intellektual və vətənpərvər gənclərin yetişdirilməsinə töhfə verməkdir:

"Qəbul etdiyimiz qərar vahid məktəbli geyimi ilə bağlıdır. Bu, milli düşüncəyə malik, intellektual gənclərin yetişdirilməsinə dair mövqeyimizin tərkib hissəsidir. Hesab edirəm ki, hər kəs Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalıdır".

Günay İlqarqızı