
Tibbi, estetik və dental avadanlıqların satışı və icarəsi ilə məşğul olan “İNEX” MMC-nin bank hesabındakı 59 min manat vəsaitə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə hakim Şahin Zülfüqar oğlu Abdullayev qərardad qəbul edib.
İsmayılova Firuzə Cavad qızı şirkətə qarşı maddi və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 69 min manatın tutulması tələbi ilə məhkəməyə müraciət edib. İddiaçı 59 min manat maddi, 10 min manat isə mənəvi ziyana görə kompensasiya tələb edir.
İsmayılovanın ərizəsinə əsasən, 2021-ci ildə onunla “İNEX” MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, ona Çin istehsalı olan “Alexandrite Pro” lazer cihazı satılıb. Cihazın satış qiyməti 59 min manat müəyyən edilib.
İddiaçı müqavilə üzrə ödənişlər etdiyini bildirib. Sənədlərə əsasən, ödənişlərdən biri 42 min 500 manat, digərləri isə 8 min 500 və 6 min 750 manat təşkil edib. İsmayılova cihazın 2021-ci ildən onun istifadəsində olduğunu qeyd edib.
O, həmçinin “İNEX” MMC-nin “LaserLand” estetik mərkəzi ilə birgə təşkil etdiyi lazer cihazı üzrə nəzəri və praktiki təlimdə iştirak edərək sertifikat aldığını bildirib. İddiaçının sözlərinə görə, cihazdan istifadə qaydalarını məhz şirkətin təşkil etdiyi təlimdə öyrənib.
Müvəqqəti təminat tədbiri barədə ərizəsində İsmayılova şirkətin bank hesablarına, o cümlədən digər bank və kredit-maliyyə təşkilatlarındakı hesablarına həbs qoyulmasını istəyib. O, bu addımın gələcəkdə məhkəmə qərarının icrasını təmin etmək üçün zəruri olduğunu bildirib.
Məhkəmə ərizəni araşdıraraq hesab edib ki, iddia tələbinin gələcəkdə icrasını təmin etmək məqsədilə “İNEX” MMC-nin bank hesabındakı vəsaitə həbs qoyulması zəruridir.
Qərardadla şirkətin banklardan birinin Mərkəz filialındakı bank hesabında olan pul vəsaitinin 59 min manatlıq hissəsinə həbs qoyulub. Eyni zamanda, işçilərin əməkhaqlarının və vergi, sosial sığorta kimi məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə məhdudiyyət tətbiq edilməyib.
Məhkəmə şirkətin digər bank hesablarında vəsaitin olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyindən ərizəni həmin hissədə təmin etməyib. Qərardadın icrası banka həvalə olunub və sənədin dərhal icrası qərara alınıb.
Qeyd edək ki, bu qərardad mübahisənin mahiyyəti üzrə yekun məhkəmə qərarı deyil, iddia tələbinin mümkün icrasını təmin etmək məqsədi daşıyan müvəqqəti tədbirdir.
Nizamnamə kapitalı 100 manat olan “İNEX” MMC-nin qanuni təmsilçisi Mahir Aslanov Zahid oğludur.
Aydın