Məşhur ekran ulduzu Keti Prays illərdir ardıcıl estetik əməliyyatlar etdirməsi və görünüşündəki ciddi dəyişikliklərlə gündəmdədir. Estetikaya olan marağının asılılığa çevrildiyini bildirən məşhur bu yolda xərclədiyi pullar səbəbindən müflis olduğunu da açıqlamışdı.
Qaynarinfo xəbər verir ki, bir vaxtlar məşhur model olan, daha sonra televiziya simasına çevrilən Keti Prays iştirak etdiyi proqramlarla yanaşı, keçirdiyi çoxsaylı estetik əməliyyatlarla da gündəmə gəlib. Bu əməliyyatların onun həm sağlamlığına, həm də maddi vəziyyətinə təsir etdiyi bildirilir.
Məşhur bu dəfə isə şəxsi həyatında yaşanan hadisə ilə gündəmə gəlib.
Keti Prays dördüncü əri Li Endryusun milyonçu olmadığını və bank hesabında cəmi 2,22 funt sterlinq olduğunu öyrəndikdən sonra ona mesaj göndərərək münasibətlərinə son qoyub.
Keti Prays özünü kriptovalyuta milyoneri və iş adamı kimi təqdim edən Li Endryusla evləndikdən sonra xoşbəxt olduğunu deyirdi. Lakin ərinin Dubayda həbs edilməsindən sonra onun üçün çətin günlər başlayıb.

Yeni xəbərə görə, Keti Prays ərinin milyonçu olduğunu iddia etməsinə baxmayaraq, bank hesabında cəmi 2,22 funt sterlinq olduğunu öyrəndikdən sonra münasibətlərini bitirib.
48 yaşlı keçmiş modelin səkkiz ay davam edən evliliyinə son qoymaq üçün boşanma vəkili ilə məsləhətləşdiyi bildirilir.
Rəsmi prosesi vəkil vasitəsilə aparacağı bildirilən Keti Praysın 43 yaşlı əri Li Endryusa “WhatsApp” üzərindən göndərdiyi son mesajda belə yazdığı qeyd olunur:
“Mənimlə oyun oynadın və sən özünü təqdim etdiyin insan deyilsən. Niyə mənə yalan danışdın?”
“The Sun” qəzetinin məlumatına görə, Li Endryus evləndikləri zaman Keti Praysa kriptovalyuta hesabında 37 milyon funt sterlinq olduğunu deyib. Lakin hazırda həbsdə olan və fırıldaqçılıqda ittiham edilən kişinin sərvətinin əslində cəmi bir neçə qəpik olduğu üzə çıxıb.

Hazırda Dubayda həbsdə olan Linin azadlığa çıxmaq üçün cəriməni ödəməyə çalışdığı, lakin buna nail ola bilmədiyi bildirilir. Daha əvvəl onu həbsdən çıxarmaq üçün böyük səy göstərən Keti Praysın isə artıq onu görmək planının olmadığı qeyd olunur.
Keti Prays yaxın vaxtlarda barmağında nikah üzüyü ilə görüntülənmişdi. Lakin məşhuru tanıyan şəxslər onun ərinin vəziyyəti ilə bağlı artıq “həqiqəti başa düşdüyünü” bildiriblər:
“Əlbəttə, bu, bir çox hadisənin yığılması idi. Lakin son damla Linin Ketiyə kriptovalyuta cüzdanında 50 milyon dollar, yəni 37 milyon funt sterlinq olduğunu söyləməsi və pulun bir hissəsini ona verəcəyinə söz verməsi oldu. Hesabına daxil olmaq üçün şifrəni ona verdi. Bazar ertəsi günü Keti maliyyə mütəxəssisinin cüzdana giriş əldə etməsini təmin etdi və şoka düşərək cüzdanda cəmi 3 dollar, yəni 2,22 funt sterlinq olduğunu öyrəndi”.
Bu xəbərin yayılmasından qısa müddət əvvəl Keti Prays dostları ilə əyləndiyi məclisdə görüntülənib. Onun barmağında nikah üzüyünün olmadığı diqqət çəkib.

Keti Praysın Li Endryusla səkkiz aylıq evliliyi bir sıra qalmaqallarla müşayiət olunub.
Qısa müddət davam edən münasibətdən sonra iş adamı ilə evlənən Ketinin ailə həyatı Linin həbs cəzaları, qaçırılma hadisəsi, müxtəlif yalanları və keçmiş sevgililərini aldatmaqda ittiham olunması ilə bağlı iddialarla müşayiət edilib.
Keti ictimaiyyət qarşısında ərinə dəstək verməyə davam etsə də, son “Instagram” paylaşımı onun bu münasibətlə bağlı mövqeyinin dəyişdiyini göstərib.
Ötən həftə “Instagram”da modelin qəzet oxuduğu fotoşəkli paylaşılıb. Keti qəzetdə bu sözlərin yazıldığını bildirib:
“Mənim tərəfimdən danışılanların artıq heç bir əhəmiyyəti yoxdur. Həyat baş verdi, ağrı verdi, mən sağaldım. Amma ən əsası, masamda kimin oturmağa layiq olduğunu və kimin bir daha heç vaxt orada oturmayacağını öyrəndim”.
Məşhur ekran ulduzu daha sonra “Çətin günlərdə mənə kömək edənləri, məni çətin günlərə salanları və çətin günlərdə məni tərk edənləri heç vaxt unutmayacağam” sözlərinin yazıldığı başqa bir sitatın üzərinə “Sağ qaldım” ifadəsini əlavə edib.

Keti kimdən və ya nədən danışdığını açıqlamasa da, bu sözlər onun şəxsi həyatında hər şeyin qaydasında olmadığını göstərib.
Ötən ay azadlığa buraxıldığı barədə xəbərlər yayılmasına baxmayaraq, Li Endryusun hələ də həbsdə olduğu bildirilir.
Fırıldaqçılıqda ittiham olunan iş adamının ittihamlardan sonra Dubaydakı Əl-Əvir həbsxanasında ikinci dəfə saxlanıldığı və iyul ayında azadlığa buraxıldığı deyilirdi.
Lakin hazırda Linin heç vaxt azadlığa buraxılmadığı və digər məhbusların onun “davamlı yalanlarından bezdiyi” iddia edilir.
“The Sun” qəzeti Linin hər həftə məhbus yoldaşlarına azadlığa buraxılması ilə bağlı sənədlərin “hazırlandığını” söylədiyini, lakin hər yeni həftə başlayanda onun hələ də həbsdə qaldığını iddia edib.
Keti daha əvvəl ərini “başqa insanlara zərər verdiyinə görə” məsuliyyətə cəlb etməyə söz vermişdi. Lakin bu həqiqətlər üzə çıxana qədər məşhur qadın ərindən olduqca razı görünürdü.
Keti Prays 2026-cı ilin iyulunda iştirak etdiyi tok-şouda keçmiş ərləri və sevgililərinə eyham vuraraq Li Endryusla evliliyini “həyatı boyu yaşadığı ən sağlam münasibət” adlandırmışdı.

Keti Prays Li Endryusun zənginliyinə və maliyyə müstəqilliyinə güvəndiyini bildirərək, əri ilə fəxr etdiyini deyirdi:
“Onun öz pulu var, mənim cibimdən dolanmır. Məndən maddi cəhətdən asılı olan keçmiş partnyorlarım kimi deyil”.
Hətta həmin dövrdə Li Endryusa o qədər aşiq idi ki, bədəninə “Owned by Lee” (“Linindir” və ya “Linın mülküdür”) sözlərinin yazıldığı döymə də etdirib.
Li Endryus ödənilməmiş borclarına görə Dubaydakı Əl-Əvir həbsxanasına ilk dəfə düşəndə Keti Prays onların evliliyinin “zarafat olmadığını” və ərinə sonadək güvəndiyini deyərək onun arxasında durmuşdu.
Aydın
Şərhlər