XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yeni vəzifəsində 47 milyon dollar qazanacaq
Dünya13:03 02.09.2026

Yeni vəzifəsində 47 milyon dollar qazanacaq

“Apple”ın keçmiş baş direktoru Tim Kuk şirkətdəki yeni vəzifəsində - icraçı sədr kimi də yüksək gəlir əldə etməyə davam edəcək.

Qaynarinfo xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, Kuk çərşənbə axşamından etibarən tutduğu yeni vəzifə çərçivəsində maaş və səhmlərdən ibarət 47 milyon dollarlıq ödəniş paketi alacaq.

Yeni baş direktor Con Ternusun baza maaşı isə 3 milyon dollara yüksəldilib. Performans göstəricilərinin yerinə yetirilməsi şərtilə, onun 2027-ci maliyyə ili üçün 55 milyon dollarlıq illik səhm mükafatı hədəfi müəyyənləşdirilib.

“Financial Times”ın xəbərinə görə, Tim Kukun illik baza maaşı 2 milyon dollar, nəzərdə tutulan səhm mükafatı isə 45 milyon dollar müəyyən edilib.

Bonusları və digər əlavə ödənişləri əhatə etməyən bu rəqəmlər Kukun 2025-ci ildəki ümumi qazancı ilə müqayisədə maaş və səhmlər baxımından 20 faiz azalmaya işarə etsə də, onun paketi ABŞ-ın iri şirkətlərindəki icraçı sədrlər arasında ən yüksək ödənişlərdən biri olacaq.

Müqayisə üçün, “Morgan Stanley”nin keçmiş baş direktoru Ceyms Qorman vəzifəsini təhvil verərkən 27 milyon dollar, “Mastercard”ın keçmiş baş direktoru Acay Banqa isə vəzifə dəyişikliyi zamanı 17 milyon dollar alaraq icraçı sədr vəzifəsinə keçmişdi.

Kukdan Ternusa səlahiyyətlərin ötürülməsi “Apple”ın bu əsrdə cəmi ikinci baş direktor dəyişikliyi olub.

15 il baş direktor vəzifəsində çalışan Kuk Vaşinqton və Pekin arasında yaratdığı diplomatik balansla tanınırdı. Onun rəhbərliyi dövründə 4,75 trilyon dollar dəyərində olan texnologiya nəhəngi həm ABŞ-ın ən iri şirkətlərindən birinə çevrildi, həm də Çindəki istehsal şəbəkəsini idarə etməyə davam etdi.

Kuk üçün xüsusi olaraq yaradılan “icraçı sədr” vəzifəsi çərçivəsində şirkətin qlobal siyasi liderlər və siyasət formalaşdıran şəxslərlə əlaqələrini bundan sonra da Kuk idarə edəcək.

Şirkətin idarə heyətinin uzun müddətdir sədri olan Artur Levinson isə müstəqil üzvlərin lideri vəzifəsinə gətirilib.

“Wall Street” analitikləri bildirirlər ki, Kuk üçün hazırlanan yüksək məbləğli ödəniş paketi onun idarə heyətində yalnız nəzarətçi üzv kimi fəaliyyət göstərməyəcəyini, əməliyyat proseslərində də fəal icraçı olaraq qalacağını göstərir.

25 ildir “Apple”da çalışan avadanlıq mühəndisi və çərşənbə axşamı rəsmi olaraq baş direktor vəzifəsinə başlayan Con Ternus əməkdaşlara göndərdiyi ilk mesajda Kuka təşəkkür edib.

Ternus “Dünyanın həqiqətən ən möhtəşəm şirkətində bu vəzifəni üzərimə götürməkdən şərəf duyuram” deyib.

Ternusun baş direktor kimi ilk böyük ictimai sınağı gələn həftə Kupertinodakı “Apple Park”da keçiriləcək ənənəvi “iPhone” təqdimatı olacaq.

Şirkətin tədbirdə ilk qatlanan smartfon modelini təqdim edəcəyi gözlənilir. Əməkdaşlara göndərdiyi mesajda gələn həftə keçiriləcək tədbiri “nəhəng” və “möhtəşəm” adlandıran Ternus üzərində çalışılan yeni məhsullara böyük maraq göstərdiyini bildirib.

Açıqlamalardan sonra “Apple” səhmləri çərşənbə axşamı sessiyanı təxminən 2,5 faiz artımla başa vurub.

Aydın