Vulkanlar Yer üzərində təbiətin ən güclü qüvvələrindən biri olaraq qalır. ABŞ Geoloji Xidmətinin məlumatına görə, dünyada sualtında yerləşənlər istisna olmaqla, təxminən 1350 potensial aktiv vulkan mövcuddur.
Qaynarinfo xəbər verir ki, ən məşhur aktiv vulkanlardan biri Havay adalarında yerləşən Kilaueadır. O, artıq bir neçə onillikdir mütəmadi olaraq püskürür. Nisbətən sakit fəaliyyət göstərməsinə baxmayaraq, lava axınları yolları, yaşayış evlərini və kənd təsərrüfatı sahələrini məhv edə bilir.
Avropanın ən hündür aktiv vulkanı Siciliya adasında yerləşən Etnadır. Bu vulkan tez-tez püskürərək kül, vulkanik qazlar və lava xaric edir. Vulkanın ətrafında əhalinin sıx məskunlaşması səbəbindən hətta kiçik püskürmələr belə hava limanlarının bağlanmasına və sakinlərin təxliyəsinə səbəb ola bilər.
İtaliyanın digər məşhur vulkanı Strombolidir. O, əsrlərdir demək olar ki, fasiləsiz baş verən kiçik partlayışlara görə "Aralıq dənizinin mayakı” adlandırılır.
Siyahıda yer alan daha bir məşhur vulkan Neapol yaxınlığında yerləşən Vezuvidir. Son böyük püskürmə 1944-cü ildə baş versə də, vulkan hələ də aktiv hesab olunur. Güclü püskürmə baş verəcəyi təqdirdə, sıx məskunlaşmış bölgədə yaşayan milyonlarla insan təhlükə ilə üzləşə bilər.
İndoneziyada bir neçə son dərəcə təhlükəli vulkan yerləşir. Onlardan biri olan Merapi mütəmadi olaraq yüksək temperaturda kül və vulkanik qaz buludları püskürür. Bu axınlar çox böyük sürətlə hərəkət edir və püskürmələr zamanı insan tələfatının əsas səbəblərindən biri hesab olunur.
Digər məşhur vulkan isə Zond boğazında yerləşən Krakataudur. Onun 1883-cü ildə baş vermiş fəlakətli püskürməsi bəşəriyyət tarixinin ən dağıdıcı vulkan hadisələrindən biri hesab olunur.
Yaponiyada xüsusi diqqət ölkənin ən aktiv vulkanlarından biri olan Sakuracimaya yönəlib. Tez-tez baş verən kül püskürmələri yaxınlıqdakı Kaqoşima şəhərinin sakinlərinin gündəlik həyatına ciddi təsir göstərir.
Mərkəzi Amerikada Qvatemalada yerləşən Fueqo vulkanı da təhlükə mənbəyi hesab olunur. Onun 2018-ci ildə baş vermiş püskürməsi sürətlə hərəkət edən piroklastik axınlar səbəbindən çoxsaylı insan tələfatına yol açmışdı.
Mütəxəssislərin sözlərinə görə, vulkan püskürmələri zamanı əsas təhlükə filmlərdə tez-tez göstərildiyi kimi lava axınları deyil. Daha təhlükəli amillər piroklastik axınlar, vulkanik kül, zəhərli qaz emissiyaları, torpaq sürüşmələri və lahar adlanan palçıq-daş axınlarıdır. Məsələn, vulkanik kül təyyarələrin mühərriklərini sıradan çıxara, insanlarda isə tənəffüs problemlərinə səbəb ola bilər.
Hazırda püskürmənin dəqiq vaxtını və gücünü tam proqnozlaşdırmaq mümkün olmasa da, davamlı monitorinq insan tələfatı riskini əhəmiyyətli dərəcədə azaldır. Vulkanların vəziyyəti ilə bağlı məlumatlar "Smithsonian Institution” və müxtəlif ölkələrin milli vulkanoloji xidmətləri tərəfindən toplanır. Bu, əhalinin vaxtında xəbərdar edilməsinə və zərurət yarandıqda təxliyənin təşkilinə imkan yaradır.
Aydın
Şərhlər