Hazırda yalnız bir nəfərdə müşahidə olunan son dərəcə nadir genetik mutasiya nəticəsində tamamilə yeni qan qrupu ortaya çıxıb. Bu qeyri-adi qan qrupu bu ayın əvvəlində Qvadelupa adasında yaşayan fransız qadında müəyyən olunub.
Qaynarinfo xəbər verir ki, qadının qanında aşkarlanan bu unikal xüsusiyyət 2011-ci ildə aparılmış analizlər zamanı plazmasında "adi olmayan" bir anticismin aşkarlanması ilə həkimlərin uzun illər izah edə bilmədiyi bir sirri izah etmiş olub.
Qan qrupları eritrositlərin (qırmızı qan hüceyrələrinin) səthindəki antigenlərin olub-olmamasına əsasən müəyyən edilir. Ən geniş yayılmış qan qrupu sistemi ABO sistemidir. Bu sistemə görə, insanlarda A və ya B antigenləri varsa, onların qan qrupu müvafiq olaraq A və ya B olur; hər iki antigen yoxdursa, bu zaman O qan qrupuna aid edilirlər. Bununla yanaşı, qan qrupunu müəyyən edən yeganə amil bu deyil. İnsan qanında Rhesus (Rh) antigeninin olub-olmaması da qan qrupunun "pozitiv” və ya "neqativ” kimi təsnif edilməsində mühüm rol oynayır.
Bununla belə, A, B və Rh antigenləri qırmızı qan hüceyrələrində mövcud olan yeganə antigenlər deyil. Bu antigenlərin fərqli kombinasiyalarda birləşməsi çoxsaylı nadir qan qruplarının müəyyənləşdirilməsinə səbəb olur. Hazırda qırmızı qan hüceyrələrində aşkarlanmış antigenlərin sayı 365-i keçib və "Gwada neqativ" 48-ci rəsmi təsdiqlənmiş qan qrupu kimi qeydə alınıb. Bu kəşfin təfərrüatları Fransanın Qan İdarəsinin ("EFS") nümayəndəsi Tiyerri Peyrar tərəfindən açıqlanıb. Onun sözlərinə görə, 2011-ci ildə qadının cərrahiyyə əməliyyatından əvvəl aparılan testlər zamanı "çox qeyri-adi” bir anticism müəyyən edilib.
O dövrdə daha dərindən araşdırma aparmaq mümkün olmasa da, alimlər 2019-cu ildə müasir DNT ardıcıllığı texnologiyalarından istifadə edərək bu genetik mutasiyanı tam şəkildə üzə çıxara biliblər. Fransa Qan İdarəsi bu elmi yeniliyi iyun ayının əvvəlində Milanda keçirilən Beynəlxalq Qan Transfuziyası Cəmiyyətinin ("ISBT") konfransında rəsmi şəkildə elan edib.
Peyrarın sözlərinə görə, qadında aşkarlanmış bu genetik mutasiya hər iki valideyndən ötürülüb və bu, onu "dünyada yeganə məlum hal” edir. Qan qrupu uyğunluğu, qan köçürülməsi zamanı xəstələrin həyatı üçün böyük əhəmiyyət daşıyır. Bir insanın qan qrupunun düzgün müəyyənləşdirilməsi həyati önəm daşıyır, çünki yalnız uyğun qan qrupları bir-birinə verilə bilər. Məsələn, A qan qrupu B antigenlərinə qarşı anticisimlər daşıyır və əksinə. Buna görə də A və B qan qruplarının qarışdırılması ciddi təhlükə yaradır.
Aydın
Şərhlər