Sosial media platformaları və mesajlaşma tətbiqləri artıq sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ölümcül casusluq alətlərinə çevrilir. İsrailin İranlı komandirlərə qarşı keçirdiyi əməliyyatlarda "WhatsApp” üzərindən göndərilən saxta mesajlarla cihazlara sızıldığı, hədəflərin yerini və hətta otaqlarını dəqiqliklə müəyyənləşdirdiyi iddia olunur. Fiziki hücumlarla eyni vaxtda həyata keçirilən bu rəqəmsal hücumlar, klassik casusluğun sərhədlərini aşan yeni bir nəzarət dövrünü işə salır. Artıq kəşfiyyat xidmətləri sahədə deyil, cibimizdədir.
Yeni casusluq dövrü: nümayiş olunan məxfilik
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, artıq gizli əməliyyatlar illər sonra deyil, dərhal videolar və sosial media vasitəsilə nümayiş etdirilir. "Mossad”ın əməliyyat görüntüləri də bilərəkdən aşağı keyfiyyətlə paylaşılaraq diqqət çəkməyə çalışılır.
Əvvəllər casusluq illər sonra kitablarla və ya filmlərlə gündəmə gəlirdisə, indi məlumatlar bir smartfon kamerası qədər yaxın məsafədədir. Ukraynanın Rusiyadakı hədəflərə dron hücumlarının videoları, İsrailin Hizbullah mövqelərinə zərbələri və ABŞ-ın hərbi əməliyyatları artıq real vaxtda izlənilir və sosial media vasitəsilə geniş yayımlanır.
Qısa müddətli siyasi qazanc naminə risklər
ABŞ-ın sabiq yüksək vəzifəli kəşfiyyatçısı Norman Roul bu cür əməliyyatların təkcə hərbi deyil, həm də diplomatik və psixoloji təsir yaratmaq məqsədi daşıdığını bildirərək xəbərdarlıq edir: "Qısa müddətli siyasi qazanc üçün həyata keçirilən bu kritik əməliyyatlar dəyərli resursları təhlükəyə atır".
King’s College London Universitetindən ekspert Ofer Fridman isə əlavə edir: "Artıq hökumətlər informasiya məkanını idarə etmirlər, yalnız onun içində istiqamət axtarırlar".
Sızıntılar və rəqəmsal risklər
Arxivlərin rəqəmsallaşması, məlumat sızmalarını daha real təhlükəyə çevirib. Edvard Snouden və Cek Teyşeyra kimi şəxslər vasitəsilə ictimaiyyətə ötürülən gizli sənədlər, kəşfiyyat qurumlarında dərin sarsıntılar yaradıb.
İranın yüksək səviyyəli mülki və hərbi rəhbərliyinə telefon və digər cihazlardan istifadə etməmək tapşırılıb. Yeraltı obyektlərə çəkilmələri əmr olunub. İctimaiyyət şübhəli şəxslər və nəqliyyat vasitələri barədə məlumat verməyə çağırılır. Ölkədə internetin demək olar ki, kəsildiyi, beynəlxalq zənglərin qarşısının alındığı bildirilir.
İran prezidenti Məsud Pezeşkianın kommunikasiya direktoru Əli Əhmədiniyə bildirib ki, internetin bağlanması, onun təhlükəsizliyini qorumağa xidmət edir.
Mərmərə Universitetinin professoru, kiber təhlükəsizlik üzrə mütəxəssis Əli Murad Kırık bildirib ki, artıq gizli anlayışı dəyişib. O qeyd edib ki, İsrailin İran daxilindəki əməliyyatları təkcə hərbi müdaxilə deyil, həm də psixoloji üstünlük strategiyasıdır.
Professor Kırıkın sözlərinə görə, artıq bir əməliyyatın nə qədər uğurlu olduğundan daha çox, onun ictimaiyyətə necə təqdim olunduğu əhəmiyyət kəsb edir. O əlavə edib ki, bu dəyişiklik kəşfiyyat dünyasında ciddi bir paradigma dəyişikliyini göstərir: "Artıq kəşfiyyat xidmətləri yalnız kəşf məlumatı toplamaqla kifayətlənmir, onlar eyni zamanda strateji kommunikasiya qurumları kimi də fəaliyyət göstərirlər".
Sosial media savaşları: informasiya silaha çevrilib
Casus əməliyyatlarının sosial mediada anlıq paylaşılması müharibənin vizual şouya çevrilməsinə səbəb olur. Bu, xüsusilə gənc nəsillər üzərində təsir yaradır. Professor Kırık bildirib: "Sosial media, müharibələrin leqitimliyini müəyyənləşdirməkdə diplomatik bəyanatlardan daha təsirli hala gəlib. Bu da informasiya savaşlarının əhəmiyyətini artırır".
Gələcəyin deyil, bugünün gerçəkliyi: Kiber savaş
Professor Kırık kiber hücumların hələ tam potensialını göstərmədiyini vurğulayıb. Gələcəkdə enerji, su, səhiyyə və nəqliyyat sistemlərinə ediləcək hücumların ciddi nəticələr doğura biləcəyini qeyd edib. O əlavə edib:
"Süni intellektlə dəstəklənən "deepfake" texnologiyalar vasitəsilə liderlərin saxta bəyanatlarla manipulyasiyası da psixoloji savaşın yeni silahı ola bilər".
Aydın
Şərhlər