Xəbər lenti

Dünyanın ən gözəl adalarından biri Hörmüz boğazında yerləşir (FOTO)
Foto 18:00 09.04.2026

Dünyanın ən gözəl adalarından biri Hörmüz boğazında yerləşir (FOTO)

Dünyanın ən gözəl adalarından biri hesab olunan məkan birbaşa Hörmüz boğazının mərkəzində yerləşir - söhbət Hörmüz adasından gedir.

Qayanrinfo "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu yer heyrətamiz mənzərələri ilə diqqət çəkir. Burada qırmızı qumlu çimərliklər, duz mağaraları və qızılı vadilər kimi nadir təbiət mənzərələrinə rast gəlmək mümkündür. Bütün bunlar nisbətən kiçik ərazidə cəmləşərək demək olar ki, başqa planetə bənzər görüntü yaradır.

Belə təsvir ideal turizm məkanı kimi səslənsə də, adanın yerləşdiyi bölgə səyahət üçün müəyyən çətinliklər yaradır.

Bildirilir ki, Hörmüz adası İran sahillərindən cəmi səkkiz kilometr məsafədə yerləşir və təxminən 40 kvadrat kilometr əraziyə malikdir. Ada strateji baxımdan mühüm bölgədə yerləşdiyi üçün geosiyasi gərginliyin mərkəzindədir. Müvəqqəti atəşkəs və gəmiçiliyin qismən bərpasına baxmayaraq, rəsmi məhdudiyyətlər səbəbindən bu istiqamətə səfərlər hələ də çətin olaraq qalır.

Buna baxmayaraq, ada uzun illərdir qeyri-adi təbiəti ilə təcrübəli səyahətçiləri cəlb edir. Onun damla formasında olması və landşaftlarının vulkanik süxurlar, duz və müxtəlif mineralların qatlarından ibarət olması xüsusi maraq doğurur.

Sosial şəbəkələrdə "benbookstheworld" adı ilə tanınan səyyah Ben bu adanı ziyarət etdikdən sonra onu 50-dən çox ölkə arasında "ən müxtəlif və ən gözəl ada” adlandırıb. Onun sözlərinə görə, burada "dünyanın ən sehrli məkanlarından bəziləri” yerləşir və ada "başqa planet kimi hiss olunur”. Adada hərəkət etmək üçün ən rahat vasitələr tuk-tuk və ya skuterdir — adanı təxminən 40 dəqiqəyə dolaşmaq mümkündür.

Ən diqqətçəkən yerlərdən biri "Göy qurşağı vadisi”dir. Burada yaşıl, narıncı, bənövşəyi, çəhrayı və qırmızı rəngli zolaqlar landşaftı kəsərək bölgənin ən parlaq təbiət mənzərələrindən birini yaradır.

Rəngarəng təbiətinə görə ada "göy qurşağı adası” da adlandırılır. Onun qərb hissəsində yerləşən "Duz ilahəsi” adlı dağ duz kristallarından formalaşıb və günəş işığında parlayır. Yerli sakinlər bu məkanın müalicəvi xüsusiyyətlərə malik olduğuna inanır və onu "enerji dağı” adlandırırlar. Bəzi səyyahlar isə bu mənzərələri Atakama səhrası ilə müqayisə edirlər.

Adanın daxilində yerləşən "Şəfəran vadisi” sarı və qızılı rəng çalarları ilə seçilir. Bu qeyri-adi relyef dəmir oksidi və digər mineralların təsiri ilə yaranıb və həm turistləri, həm də geoloqları cəlb edir.

Digər unikal məkanlardan biri "Qırmızı çimərlik”dir. Burada qum tərkibindəki dəmir səbəbindən parlaq qırmızı rəngə malikdir. "Gelak” adlanan bu torpaq hətta yeyilə bilir və yerli mətbəxdə sous və mürəbbələrdə istifadə olunur. Eyni zamanda boya, kosmetika, şüşə və keramika istehsalında da tətbiq edilir. Yağış zamanı su qırmızı rəng alaraq sahildə təsirli mənzərələr yaradır.

Adanın təbiəti sənətçiləri də ilhamlandırır — sahillərdə rəngli qumlardan böyük "xalça” kompozisiyaları hazırlanır. Memarlıq da bu rəng palitrasını əks etdirir. Məsələn, "Majara Residence” kompleksi torpaq və qumdan tikilmiş, parlaq rənglərlə boyanmış 17 günbəzli evdən ibarətdir. Adada "Red Beach Hotel” və "House of Sun” kimi otellər də fəaliyyət göstərir.

Bundan əlavə, "Turtles Cliff” adlı ərazi dəniz tısbağalarının əsas məskənlərindən biri hesab olunur. Yaz və yay aylarında çoxsaylı tısbağalar buraya yumurta qoymaq üçün gəlir.

Bütün bu gözəlliklərə baxmayaraq, Hörmüz adası hələ də az tanınan və çətin əlçatan istiqamət olaraq qalır. Buraya yalnız Bəndər-Abbas şəhərindən və ya Qeşm adasından bərə ilə getmək mümkündür və regiondakı vəziyyət səbəbindən ada nisbətən təcrid olunmuş vəziyyətdədir.

Aydın

--> -->