2010-cu il Dünya çempionatının rəsmi mahnısı olan "Waka Waka" (This Time for Africa) ilə bütün dünyada böyük şöhrət qazanan Şakira 16 il sonra yenidən Dünya Kuboku səhnəsinə qayıdır. Onu heç tanımayanlar belə həmin mahnı ilə tanış olmuş, "Waka Waka” qlobal miqyasda böyük uğur qazanmışdı.
Qaynarinfo xəbər verir ki, indi isə 2026 FIFA Dünya Kuboku üçün yeni rəsmi mahnı elan olunub. Şakira və Burna Boyun ifa etdiyi "Dai Dai” turnirin rəsmi mahnısı kimi təqdim edilib. Bundan əlavə, Şakira 19 iyul 2026-cı ildə MetLife Stadionunda keçiriləcək turnirin ilk "Final fasilə şousu”nda Madonna və BTS ilə birlikdə səhnəyə çıxacaq. Bu, Dünya Kuboku tarixində ilk belə hadisə olacaq.
30 ildən çoxdur səhnədə olan kolumbiyalı ifaçı həm böyük layihəyə hazırlaşır, həm də son illərdə yaşadığı şəxsi çətinliklər barədə danışır.
"People” jurnalına verdiyi səmimi müsahibədə Şakira keçmiş futbolçu, iki övladının atası Cerard Pike ilə ayrılığından sonra keçirdiyi emosional dövrü xatırlayıb. O, xəyanət və ayrılıq haqqında danışarkən "Həyat çox amansızdır” ifadəsini işlədib.
Şakira bildirib ki, özünü uzun müddət zəif və kövrək hiss edib. 2022-ci ildə bitən münasibətdən sonra yazdığı mahnılar böyük uğur qazanıb və onun musiqi karyerasında yeni zirvə yaradıb.
Pikenin xəyanətini açıq şəkildə əks etdirən mahnı Şakiraya uzun fasilədən sonra "Billboard Hot 100” siyahısında ilk 10-a daxil olan ən uğurlu işlərindən birini qazandırıb.
O, bu proses barədə danışarkən musiqi yazmağı "psixoloqa getmək kimidir, amma daha ucuz” sözləri ilə izah edib. Şakira həmin dövrü "təmizlənmə prosesi” kimi qiymətləndirib və yaşadıqlarını senzurasız ifadə etməyə ehtiyacı olduğunu bildirib.
Şakira iki övladı Milan (13 yaş) və Saşa (11 yaş) haqqında danışaraq, çətin dövrdən çıxmasında onların böyük rol oynadığını vurğulayıb. O, ana olduqdan sonra həyata baxışının dəyişdiyini və övladlarından hər gün yeni şeylər öyrəndiyini deyib.
Şakira və Cerard Pike ilk dəfə 2010 Dünya Kubokunun "Waka Waka” klipinin çəkilişləri zamanı tanış olmuşdular. Cütlük 2022-ci ildə ayrıldıqlarını elan edib və Şakira övladları ilə birlikdə İspaniyadan Mayamiyə köçüb.
Ayrılığa səbəb kimi Pikenin Şirkətində çalışan Klara Çia Marti ilə münasibəti göstərilib. Bildirilir ki, Şakira xəyanəti hətta ev daxilində öyrənib və bu, onun üçün ağır zərbə olub.
Hazırda Şakira əsas diqqətini musiqi karyerasına və övladlarına yönəltdiyini deyir. O, yeni sevgi ehtimalı ilə bağlı isə "Niyə də yox, bəlkə uşaqlarım böyüyəndən sonra” fikrini səsləndirib.
Şakira bu çətin dövrdən sonra həyat dərslərinə görə minnətdar olduğunu bildirərək, dostlarının və ailəsinin dəstəyinin onun üçün həlledici olduğunu qeyd edib.
Aydın
Şərhlər