
İspaniyanın gələcək kraliçası, Asturiya şahzadəsi Leonor süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərin hədəfinə çevrilib. Sosial şəbəkələrdə yayılan videoda 20 yaşlı şahzadə sarı rəngli qısa geyimdə göstərilib və bu görüntü geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, görüntülərin əslində 2024-cü ildə İspaniya milli futbol komandasının qarşılanması zamanı çəkilən videodan hazırlandığı məlum olub.
Həmin vaxt Leonor ailəsi ilə birlikdə Avropa çempionatından qayıdan futbolçuları qarşılamağa qatılıb. Orijinal görüntülərdə şahzadənin üzərində ağ şalvar və İspaniya millisinin forması olub. Daha sonra süni intellekt vasitəsilə onun geyimi dəyişdirilərək sarı rəngli mini paltarda olduğu görüntüsü yaradılıb.
Leonorun sosial şəbəkələrdə saxta görüntülərinin yayılması süni intellekt texnologiyalarının pis niyyətlə istifadəsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bundan əvvəl də şahzadənin populyarlığından istifadə etməyə çalışan dələduzların onun adından yararlanmağa cəhd göstərdiyi bildirilmişdi.
Qeyd edək ki, Leonor İspaniya kralı VI Felipenin böyük qızıdır və gələcəkdə taxta çıxması gözlənilir. O, quru, dəniz və hava qüvvələrində üçillik hərbi hazırlığını başa vurduqdan sonra Madriddə III Karlos Universitetində təhsilini davam etdirir.
Şahzadə ötən ilin iyulunda çıxışı zamanı süni intellektdən həm ağılla, həm də məsuliyyət hissi ilə istifadə edilməsinin vacibliyini vurğulamışdı. Oxşar hadisə Niderlandın gələcək kraliçası Katarina-Amaliya ilə də yaşanıb. Onun üzünün böyüklər üçün nəzərdə tutulan videolara montaj edildiyi, polis və FBI-ın birgə fəaliyyəti nəticəsində əlaqəli saytların bağlandığı bildirilmişdi.
Aydın