İdman 15:14 31.01.2023

Əfsanəvi basketbolçunun məşhur şirkətlə əməkdaşlığı filmə çevrilir

Məşhur NBA oyunçusu Maykl Cordanla bağlı film çəkiləcək. 

Qaynarinfo xəbər verir ki, "Nike" şirkətinin keçmiş meneceri Sonni Vakkarronun həyatından bəhs edəcək filmdə əfsanəvi basketbolçu Maykl Cordanın bu şirkətlə milyon dollarlıq sövdələşməsinə diqqət yetiriləcək. Layihədə Ben Afflek və Mett Deymon kimi məşhur aktyorlar da iştirak edəcək. Bir çox NBA azarkeşləri üçün Maykl Cordan (59 yaş) bütün zamanların ən böyük basketbolçusu hesab olunur. Keçmiş superulduz "Çikaqo Bullz"la 13 il ərzində altı dəfə NBA çempionu adını qazanıb. 

Onun idman brendi ilə əməkdaşlığı, demək olar ki, NBA karyerası qədər əfsanəyə çevrilib. 1980-ci illərdə "Nike" o zaman yeniyetmə olan Cordanla əməkdaşlıq etməyə qərar verir. Sonradan bu, onilliklər ərzində davam edən və inanılmaz dərəcədə gəlirli əməkdaşlığa çevrilir. Yeni "AIR" filmi sponsorluq müqaviləsinin hansı şəkildə baş tutduğunu və "Nike"ın keçmiş rəhbəri Sonni Vakkaronun Cordanı necə inandıra bildiyini təfərrüatlandırır. Hollivud ulduzları Ben Afflek (50 yaş) və Mett Deymon məhz (52 yaş) "Nike" ilə Maykl Cordan arasında imzalanmış müqavilənin arxasındakı hekayəni böyük ekranlara daşıyacaq.

Basketbolçunun pərəstişkarları filmi izləmək üçün çox gözləməyəcək. Çünki rəsmi nümayiş aprelin 5-də gerçəkləşəcək. 

Filmdə Viola Davis Mayklın anası Deloris Cordanı, "Nike" şirkətinin rəsmisi Rob Strasseri Ceyson Beytman, digər şirkət əməkdaşı Hovard Uaytı Kris Tuker ve Mayklın atası Ceyms Cordanı Culius Tennon canlandıracaq. 

Səbuhi Həsənov