Xəbər lenti

Ekspert:
Ölkə 15:23 08.06.2026

Ekspert: "Bu, Azərbaycan əhalisinin cibinə uyğun olmayan rəqəmdir"

"Bu, Azərbaycan əhalisinin cibinə uyğun olmayan bir rəqəmdir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil haqqının 7600 manata qaldırılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Hüquq fakültəsində ikinci ixtisas üzrə təhsil haqqının birdən-birə bu qədər artırılması tələb-təklif prinsipi ilə bağlıdır:

"Artıq bu gün baxırlar ki, Bakı Dövlət Universitetinin ikinci ixtisasını seçənlər imkana görə daha çox zəngin şəxslərdir. Məmurlar, millət vəkilləri ikinci ixtisas kimi ora daha çox müraciət edirlər. Bu da onu göstərir ki, ikinci ixtisas daha çox formal təhsil almaq məqsədi daşıyır. Onlar üçün 7600 manat ödəmək elə də ciddi problem yaratmır”.
 


Hüquq fakültəsini arzulayan, bu ixtisasa böyük həvəsi olan, illərlə sənəd verib qəbul ola bilməyən şəxslərə gəlincə, ekspert onların da öz seçimlərini etdiyini bildirib:

"Amma bəzən onlar tarix və filologiya fakültələrinə düşürlər. Gələcəkdə isə öz arzu və istəklərini həyata keçirmək üçün yenidən təşəbbüs göstərə bilərlər. Təəssüf ki, bu rəqəm bir çoxlarının cibinə uyğun gəlmir".

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil haqqı artırılıb. Əvvəllər 5500 manat olan illik təhsil haqqı əlavə təhsil formasında 7600 manata yüksəlib.

Bahar Rüstəmli
--> -->