Dünya 22:30 31.08.2022

Əmir Abdullahian Moskvaya “Avropa liderlərindən birinin” Ukrayna ilə bağlı mesajını aparıb

İran mətbuatının verdiyi məlumata görə, Moskvaya səfər edən İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian rusiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Avropa liderlərindən birinin Ukrayna ilə bağlı mesajını gətirdiyini bildirib.

Qaynarinfo bu barədə ISNA agentliyinə istinadən xəbər verir.

"Danışıqlar zamanı mən ilk növbədə Ukrayna məsələsi ilə bağlı Avropa liderlərindən birinin mesajını çatdırdım. Ukraynada müharibənin başa çatması ilə bağlı ideyalar var, - XİN rəhbəri deyib və əlavə edib: - Ukrayna ilə bağlı humanitar məsələlərdən də danışdıq”.

Bundan əvvəl İbrahim Rəisinin ofisinin siyasi müavini Məhəmməd Cəmşidi Twitter-də dərc etdiyi mesajda yazmışdı: 
"Avropanın yüksək səviyyəli rəsmisindən prezidentdən vasitəçilik etməsi istənildi və məsləhətləşmələrdən sonra Moskvaya sülh təşəbbüsü və mesaj göndərildi”. 

Cəmşidi deyir ki, "Qərbi Avropanın yüksək səviyyəli liderlərindən biri” İbrahim Rəisidən Avropadakı müharibədə vasitəçilik etmək üçün kömək istəyib.

Bu mesajın məzmunu və nəyə görə Avropanın İran kimi bir ölkədən belə mühüm mesajı çatdırmaq üçün istifadə etməsi müəmmalı vəziyyətdir.

Qeyd edək ki, İran mediası bu yüksək rütbəli avropalı məmuru Fransa Respublikasının prezidenti Emmanuel Makron kimi təqdim edib.

Aydın