Xəbər lenti

Ermənistanda elitalararası qarşıdurma: Paşinyan-Ter-Petrosyan savaşı nə vəd edir?
Dünya 12:42 24.04.2026

Ermənistanda elitalararası qarşıdurma: Paşinyan-Ter-Petrosyan savaşı nə vəd edir?

Ermənistanda siyasi gərginlik yenidən artır və bu dəfə qarşıdurma ölkənin hazırkı baş naziri Nikol Paşinyan ilə birinci prezidenti Levon Ter-Petrosyan arasında açıq müstəviyə keçib. Tərəflər arasında polemika artıq adi fikir ayrılığını aşaraq daha sərt və prinsipial siyasi mübarizə mərhələsinə daxil olub. 

Siyasi araşdırmaçılar hesab edirlər ki, baş verənlər Ermənistan siyasətində köhnə və yeni güc mərkəzləri arasında uzun müddətdir davam edən rəqabətin növbəti təzahürüdür. Belə ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan özünü əvvəlki siyasi elitanın alternativi kimi təqdim edərək islahatçı imic formalaşdırmışdı. Ter-Petrosyan isə müstəqillik dövrünün ilk liderlərindən biri kimi ənənəvi siyasi məktəbin simvollarından hesab olunur. Bu  baxımdan, mövcud qarşıdurma yalnız şəxsi mübahisə deyil, həm də fərqli siyasi yanaşmaların və idarəetmə fəlsəfələrinin toqquşmasıdır. 

Paşinyanın səsləndirdiyi ittihamlar, xüsusilə rəqibini müəyyən siyasi qüvvələrlə əlaqələndirməsi və fəaliyyətini "siyasi oyun” kimi təqdim etməsi legitimlik mübarizəsinin elementidir. Bu ritorika bir tərəfdən Ter-Petrosyanın siyasi çəkisini azaltmağa, digər tərəfdən isə onu "köhnə sistemin nümayəndəsi” kimi çərçivələməyə hesablanıb. 

Eyni zamanda, onun rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə şansının olmadığını öncədən bəyan etməsi siyasi gündəmi qabaqlayan taktiki gediş kimi qiymətləndirilə bilər. 

Ter-Petrosyan düşərgəsindən gələn reaksiyanın istehzalı və sərt tonu isə qarşıdurmanın artıq rasional debat çərçivəsindən çıxdığını göstərir. Bu cür ritorika siyasi  dialoqun zəiflədiyini, emosional və şəxsi faktorların ön plana keçdiyini nümayiş etdirir. Nəticədə, ölkədə siyasi mədəniyyətin aşınması və institusional dialoq imkanlarının daralması müşahidə olunur. 

Məsələnin digər tərəfi isə seçki kontekstidir. Hakimiyyət və müxalifət arasında ritorikanın sərtləşməsi qarşıdan gələn siyasi proseslərin daha gərgin keçəcəyinə işarə edir.  Bu dinamika cəmiyyət daxilində qütbləşməni dərinləşdirə, siyasi sabitliyi isə daha kövrək vəziyyətə sala bilər. 

Paşinyan aprelin 23-də jurnalistlərə açıqlamasında Ter-Petrosyanı ARF Daşnaksütyunun "gizli adamı” adlandırıb və onun fəaliyyətini "siyasi oyun” kimi qiymətləndirib. Baş nazir eyni zamanda onu həmin siyasi xəttin "ən uğursuz nümayəndəsi” kimi xarakterizə edib. 

Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan isə sərt və istehzalı cavab verərək, səsləndirilən fikirləri şərh etmək üçün "Ermənistanın siyasi həyatını az da olsa bilən istənilən həkimin kifayət edəcəyini” bildirib. 

Bütün bunlar göstərir ki, Paşinyan-Ter-Petrosyan qarşıdurması təsadüfi polemika deyil, Ermənistanın daxili siyasətində gedən struktur dəyişikliklərinin və hakimiyyət uğrunda mübarizənin növbəti mərhələsidir. 

Bu prosesin inkişaf istiqaməti isə ölkədə siyasi balansın necə formalaşacağından, eləcə də cəmiyyətin və siyasi institutların bu qarşıdurmaya reaksiyasından birbaşa asılı olacaq.

Qeyd edək ki, Paşinyan açıqlamasında Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin qarşıdan gələn seçkilərdə real şansının olmadığını vurğulayıb.

Siyasət şöbəsi
--> -->