İdman 12:10 17.11.2023

Əsədov De Byazinin təpiyi haqda: “Mənə dəymədi” (VİDEO)

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz ötən gün İsveç yığması ilə qarşılaşdı. İsveçdə baş tutan ilk oyunda 0:5 hesabı ilə məğlub olduğumuz rəqibə yığmamız Bakıda üç cavabsız qolla qalib gəldi. 

Gərgin, amma millimizin üstünlüyü ilə keçən matçda maraqlı məqamlara da şahidlik etdik. Belə ki, Emin Mahmudovun vurduğu üçüncü qoldan sonra baş məşqçi Canni De Byazi köməkçisi Arif Əsədova tərəf istiqamətlənmiş təpik atdı. Təbii ki, bu sevinc hisslərinin nümayişi idi. Amma atılan sərt təpiyin Əsədova dəyib-dəymədiyi və məşqçinin hansı hisslər keçirdiyi maraqlı idi. 

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında italiyalı həmkarının ona təpik atmasına münasibətini belə bildirib: 

"Bu sevinc hisslərindən irəli gəlirdi. İşimizin ciddiliyi ilə yanaşı, De Byazi ilə aramızda zarafatımız, yumor hissləri də var. Oyunun gedişində diskusiya aparırıq. 10 nəfərlə qalanda hansı addımlar atacağımızı düşündük, nəyi necə etmək haqda bir qədər baş "sındırdıq”, fikirlərimiz üst-üstə düşdü. Açığı həmin əvəzetmələrdən sonra üçüncü qolu vuracağımızı gözləmirdim. Daha çox hesabı qoruyub saxlamağa çalışırdıq. Bu üçüncü qolun vurulmasından doğan sevinc hisslərinin, emosiyaların bildirilməsi idi. Yəqin ki, baş məşqçi bu haqda mətbuat konfransında danışıb. Təpik mənə dəymədi. Sevinc hissləri idi, özü də hərdən belə şeylər olduğunu deyir”.  

Səbuhi Həsənov