"Böyük Quruluş Partiyasının 7 mindən artıq üzvünün sənədləşməsini yeni qanunverciliyə uyğun ötən ay tamamlamışıq”.
Bunu Qaynarinfo-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa partiyanın fəaliyyətini dayandıracağı barədə iddialara münasibət bildirərkən deyib.
BQP sədri əlavə edib ki, 3 minə yaxın üzvün sənədlərinin də "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunlaşdırılması istiqamətində çalışmalar davam edir.
Məlumat üçün deyək ki, "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə görə partiyaların qeydiyyata alınması üçün minimum 5000 üzvü olmalıdır.
Azərbaycanda bəzi partiyalar bu tələbə cavab vermədiyi üçün fəaliyyətini dayandırıb. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 19-a çatıb.
Bir neçə gün əvvəl Qaynarinfo-da daha bir neçə partiyanın fəaliyyətini dayandıra biləcəyi barədə yazı dərc edilib. Həmin yazıda BQP-nin də fəaliyyətini dayandıracağı barədə ehtimal irəli sürülüb.
Fazil Mustafa isə bizimlə söhbətində bu ehtimalların heç bir əsasının olmadığını bildirib: "Mən 17 ildir Milli Məclisin deputatıyam. Yəni, Böyük Quruluş Partiyası da parlamentdə təmsil olunan partiyadır. Kifayət qədər nüfuzu və üzvü var. Ona görə də belə bir ehtimalın heç əsası yoxdur. Böyük Quruluş Partiyası yeni qanunun tələblərinə tam cavab verir”.
Seyid
Şərhlər