Dünya 12:02 06.08.2022

Fələstin İsrailə yüzdən çox raket atdı, "Dəmir Qübbə" işə salındı

Fələstin yaraqlıları İsrailə onlarla raket atıb. İsrailin "Dəmir Qübbə" hava müdafiə sistemi işə salınıb.

Qaynarinfo bu barədə "Amerikanın Səsi"nə istinadən xəbər verir.

"İslami Cihad" terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri də daxil olmaqla azı 15 fələstinli döyüşçünün ölməsi ilə nəticələnən İsrail hava hücumlarından sonra Qəzzada yerləşən fələstinli yaraqlılar bu ölkəyə yüzdən çox raket atıblar.

"İslami Cihad" qruplaşmanın yüksək rütbəli komandirlərindən olan Tisir əl-Cəbərinin ölümünü təsdiqləyib və İsarili Tel-Əviv də daxil olmaqla uzaq hədəflərə hücumla hədələyib.

İsrail ordusunun məlumatına görə, Əl-Cəbəri uzun müddət İsrailin qara siyahısında olub və iki terror qruplaşması - "Həmas" və "İslami Cihad" arasında əsas koordinator kimi fəaliyyət göstərib.

Fələstin "İslami Cihad" səlahiyyətliləri İsrail ərazisinə 120-yə yaxın raket atdığını elan edib. Lakin İsrail ordusu bildirib ki, bu raketlərin 95 faizindən çoxunu ölkənin "Dəmir Qübbə" kimi tanınan hava hücumundan müdafiə sistemi ilə məhv edilib.

Bununla belə, İsrail ordusu sərhəd yaşayış məntəqələrinə bir neçə raket zərbəsi endirildiyini və itkilərin olmadığını bildirib.

"İslami Cihad"ın komandiri Ziad əl-Noxalə də Əl-Məyadin verdiyi müsahibədə "Təl-Əviv və bütün İsrail şəhərlərinin" bu islamçı qrupun raketləri ilə hədəf alınacağı barədə xəbərdarlıq edib.

Bununla bağlı İsrailin keçid hökumətinin baş naziri Yair Lapid ordunun yüksək səviyyəli rəhbərləri ilə görüşüb. O, "Twitter" hesabında müdafiə naziri Benni Qantz, Milli Təhlükəsizlik Şurasının sədri, Ordu Baş Qərargah rəisi Şin Bet, MOSSAD şefi və digər təhlükəsizlik rəsmiləri ilə cənubdakı vəziyyət və mümkün hadisələrlə bağlı görüşdə iştirak etdiyini açıqlayıb. 

İsrailin müdafiə naziri Benni Qantz da bu görüşə istinad edərək yazıb ki, "biz Qəzza zolağı yaxınlığındakı yəhudi qəsəbələrinin sakinlərinin illər boyu "Fələstin milislərinin hücumlarına qarşı vətəndaş müqavimətinin şahidi olmuşuq. Biz burada yerləşən vətədaşlarımızı qarşı tərəflərin hücumlarından keçmişdəkindən daha çox qorumağa çalışırıq”.

Bu arada Ağ Evin sözçüsü Con Kirbi hər iki tərəfdən münaqişəni dayandırmağı xahiş edib: "Biz bütün tərəflərdən gərginliyin daha da artmasından çəkinməyi xahiş edirik”.

Con Kirbi daha sonra Amerikanın İsrailin təhlükəsizliyinə sadiqliyini "sarsılmaz” adlandıraraq deyib: "Biz İsrailin, İsraildə günahsız mülki insanları qətlə yetirən terrorçu qruplara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik”.

Aydın