Yay mövsümündə gəlinlik modasında zəriflik və minimalizm ön plana çıxır. Dünyanın aparıcı lüks moda evlərinin 2027-ci il resort kolleksiyalarında ağ rəngin və gəlinlik estetikasını əks etdirən geyimlərin üstünlük təşkil etdiyi görünür.
Yay mövsümündə gəlinlik modasının təsiri təkcə toy mərasimlərində deyil, gündəlik moda gündəmində də hiss olunur. Dua Lipanın diqqət çəkən toy geyimləri arasında Matye Blazinin (Matthieu Blazy) hazırladığı xüsusi "Chanel Haute Couture” gəlinliyi, eləcə də "Schiaparelli” kostyumu yer alır. Bundan başqa, Teylor Sviftin (Taylor Swift) toy üslubundan ilhamlanan obrazları da diqqət mərkəzindədir.
Gəlinlik üçün ilham axtaranlar dünyanın aparıcı lüks brendlərinin 2027-ci il resort kolleksiyalarına nəzər sala bilərlər. Bu kolleksiyalarda tam ağ rəngdə və gəlinlik estetikasına yaxın çoxsaylı obrazlar təqdim olunub.
2027-ci ilin yaz kolleksiyalarında Nyu-York dizaynerləri "Heirlome”, "Kallmeyer” və Prabal Qurunq (Prabal Gurung) 1990-cı illərin minimalist üslubunu əsas götürərək, Kerolin Bessett-Kennedinin (Carolyn Bessette Kennedy) dəbindən ilham alan sadə və zərif slip libaslara üstünlük veriblər. Viktoriya Bekhem (Victoria Beckham) isə bu yanaşmanı müasir kəsimlər və dekorativ düymə detalları ilə tamamlayıb. Stella Makkartni (Stella McCartney) teksturalı parçalara üstünlük verib. Bu tendensiya "Simkhai” və "Markarian” kolleksiyalarında saçaq elementləri, "Pamella Roland” və "Dior” kolleksiyalarında isə parıltılı detallarla davam etdirilib.
Resort kolleksiyalarında dizaynerlər toy geyimlərinin romantikasını klassik ənənələrə sadiq qalaraq təqdim ediblər. Anna Sui və "Zimmermann” kolleksiyalarında dantelli modellər, "Valentino” və Karolina Errera (Carolina Herrera) kolleksiyalarında isə klassik pelerinlər və tvid kostyumlar diqqət çəkir.
Ağ rəngli hər geyim toy üçün nəzərdə tutulmasa da, bu alternativ modellər subaylıq gecələri, gəlin məclisləri və toyöncəsi tədbirlər üçün uğurlu seçim hesab olunur. Eyni zamanda, onlar gündəlik qarderobda da istifadə oluna biləcək universal və zərif geyimlər kimi seçilir.
Qaynarinfo "WWD”-yə istinadla dünyanın aparıcı dizaynerlərinin son kolleksiyalarından seçilmiş 21 ən uğurlu ağ gəlinlik obrazını təqdim edir:
Şərhlər