ABŞ qırıcılarının indekslənmə sistemi ilk baxışda ardıcıl görünür: "F-14 Tomcat"dan sonra "F-15 Eagle", daha sonra isə "F-16 Fighting Falcon" yaradılıb. Lakin bundan sonra nömrələmə "F/A-18"ə, daha sonra isə "F-22"yə keçir. Bu da sual yaradır: bəs "F-13", "F-17", "F-19" və digər indekslərə nə olub?
Qaynarinfo "SlashGear"ə istinadən xəbər verir ki, "F-17" indeksi əslində real döyüş təyyarəsi layihəsinə aid idi və onun seriya istehsalına keçmək şansı da var idi.
1970-ci illərin ortalarında hazırda "Northrop Grumman" adı ilə tanınan "Northrop Corporation" (**düzəliş edildi**) "YF-17 Cobra" eksperimental qırıcısını hazırlayıb. Təyyarənin prototipi 1974-cü ildə ilk uçuşunu həyata keçirib.
Nəşrin məlumatına görə, təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin "Lightweight Fighter Program" proqramı çərçivəsində hazırlanmışdı. Layihənin məqsədi yeni nəsil yüngül qırıcı yaratmaq idi. Lakin müsabiqənin qalibi "General Dynamics" şirkətinin "YF-16" layihəsi oldu və sonradan bu təyyarə seriya istehsalına buraxılaraq "F-16 Fighting Falcon" adını aldı.
Bununla belə, "YF-17" layihəsi bununla başa çatmadı.
ABŞ Hərbi Dəniz Qüvvələri bu platformada böyük potensial gördü və onu öz tələblərinə uyğun şəkildə yenidən işləyərək inkişaf etdirdi. Nəticədə "YF-17" əsasında "F/A-18 Hornet", daha sonra isə "F/A-18E/F Super Hornet" qırıcıları yaradıldı.
"F-13" indeksinin tarixçəsi isə daha müəmmalıdır.
Nəşrin qeyd etdiyi kimi, ABŞ Hərbi Hava Qüvvələrinin müasir tarixində bu indekslə seriya təyyarəsi olmayıb. Avstraliyanın "The Runway" hərbi nəşri bunu 13 rəqəmi ilə bağlı geniş yayılmış xurafatla əlaqələndirir. Lakin bunun rəsmi təsdiqi yoxdur. (**düzəliş edildi**)
Məqalədə qeyd olunur ki, oxşar ehtimallar digər indekslərlə bağlı da irəli sürülür.
Məsələn, "Northrop" şirkəti "F-5 Tiger"in varisini hazırlayarkən "F-19" indeksindən istifadə etməyərək birbaşa "F-20 Tigershark" adını seçib. Bunun mümkün səbəblərindən biri kimi Sovet İttifaqının qırıcılarının ənənəvi olaraq tək nömrələrlə – məsələn, "MiQ-19" və "MiQ-21" – adlandırılması göstərilir.
Bu səbəbdən bəzi ekspertlər amerikalı istehsalçıların müəyyən dövrdə cüt nömrəli indekslərə üstünlük vermiş ola biləcəyini ehtimal edirlər. Lakin "F-20" layihəsi də prototip mərhələsindən irəli gedə bilmədi və ABŞ-nin növbəti yeni seriya qırıcısı "F-22 Raptor" oldu.
"SlashGear" qeyd edir ki, indekslərin seçilməsində texniki və inzibati amillərlə yanaşı, qeyri-rəsmi yanaşmaların da rol oynamış ola biləcəyi istisna edilmir. Bununla belə, "F-13" və "F-19" indekslərinin buraxılması ilə bağlı rəsmi izah mövcud deyil.
Aydın
Şərhlər