Amal Abuşov
İdman 09:20 28.04.2023

Finala layiq afişa, yaxud 9 il əvvəlki tarixin təkrarı

Azərbaycan Kubokunda yarımfinal qarşılaşmaları başa çatdı. Artıq hər iki finalçının adı məlumdur və qənimətin sahibinin adını öyrənməkdən ötrü 3 iyun tarixini gözləməli olacağıq. Ya "Neftçi” azarkeşləri kubok sevincini yaşayacaq, ya da "Qəbələ”yə könül verənlər növbəti uğuru bayram edəcəklər.

Yarımfinalın cavab oyunları öncəsi "Qəbələ”nin işi "Neftçi”yə nisbətən asan idi. "Qırmızı-qaralar” doğma meydanda "Səbail”in qapısına üç top vurmaqla həm hesabda, həm də psixoloji baxımdan üstünlük qazanmışdılar. Məsələ ondadır ki, paytaxt təmsilçisi çempionatda ölüm-qalım mübarizəsi verdiyinə görə Qəbələ səfərinə əsas heyət üzvlərinin əksəriyyəti olmadan yollanmış, əsas gücünü Preremyer Liqada qalmaq uğrunda mübarizəyə yönəldəcəyini göstərmişdi. Bəlkə də bu məqam ilk görüşdən əvvəl "Qəbələ”ni bir qədər arxayınlaşdırmışdı və Elmar Baxşıyevin yetirmələri meydana rahat çıxmışdılar. Bir də gözlərini açıb gördülər ki, Bayıldan gələn qonaqlar iki top üstünlüyü ilə irəlidədilər. "Dənizçilər” bu üstünlüyü qoruya bilmədilər. Daha doğrusu, səviyyə fərqi buna imkan vermədi. "Qəbələ”nin legionerləri səhnəyə çıxdı və hesabı meydan sahiblərinin xeyrinə dəyişməyi bacardı. Ovcunun içində olan qələbəni əldən qaçıran "Səbail” bu yenilgiylə həm də psixoloji zərbə almış oldu. 

"Qəbələ” dünənki oyunda da həmin üstünlüyün verdiyi rahatlıqla da meydana çıxdı. Qonaqların meydanda tələsməməsindən, rahat oynamasından bunu hiss etmək mümkün idi. Heç də təsadüfi deyil ki, "Səbail”in futbolçuları dünən təkcə hesabda uduzmadılar. Onlar meydandakı aqressiv davranışları ilə göstərdilər ki, öz üzərlərində nəzarəti itiriblər. Meydan sahiblərinin oyuna əlavə olunan dəqiqələrdə iki futbolçusu meydandan qovuldu. Buna qədərsə görüşün hakimi Əliyar Ağayev Vüqar Həsənova qırmızı vərəqə göstərmişdi. Xüsusiylə də Adil Nağıyevin aqressiv, futbolçuya yaraşmayan davranışları heç də xoş görüntü deyildi. Nağıyev sanki meydana futbol oynamağa yox, rəqiblərini vurub-yıxmağa, öz fiziki imkanlarını nümayiş etdirməyə çıxmışdı. Hesabda və oyunda yenildiyin rəqibin topu almağı bacarmadığın futbolçularını bir-bir dartıb yerə yıxmağın başqa nə adı var?

"Qəbələ”nin finaldakı rəqibi "Neftçi” üçün bu mövsümü heç də uğurlu adlandırmaq olmaz. Rumıniyadan bəy tərifi ilə məşqçi gətirən "ağ-qaralar” çempionluq mübarizəsində "ağ bayrağı” çoxdan başları üzərinə qaldırıblar. Düzdür, ölkənin ən qocaman klubu azı 3-cü yeri, deməli, həm də avrokuboklara qatılmağı təmin edib. Amma razılaşın ki, iddiası yerə-göyə sığmayan, maliyyə imkanları heç də pis olmayan "Neftçi” üçün lider "Qarabağ”dan 17 xal, ikinci yerdəki "Sabah” isə 10 xal geridə olmaq heç də xoş görüntü deyil. Bu biabırçılığı unutdurmaq, azarkeşlərin küskün qəlblərini ovutmaq üçün kuboku qazanmaq yaxşı fürsətdir. Amma Tovuzda "Turan Tovuz”a məğlub olan "Neftçi” az qalmışdı ki, bu fürsəti də əldən qaçırsın. Bakıdakı görüşün 90-cı dəqiqəsinə qədər qapılara qol vurulmadı. Bu isə "Turan Tovuz”un finala çıxması demək idi. Çətin məqamda möcüzəni kapitan Emin Mahmudov gerçəkləşdirdi. Cərimə zərbəsindən mükəmməl qol vuran Emin tovuzluların müqavimətini qırdı. Son saniyələrdə gələn ikinci qol isə "Neftçi”yə finala yol açdı.

Keçilən yolu, ölkə futbolunun hazırkı mənzərəsini analiz edəndə "Qəbələ” – "Neftçi” finalının kubokin finalı üçün layiqli afişa olduğunu deməliyik. Düzdür, "Qarabağ”la "Sabah” bu iki komandadan aşkar güclü görünür, onların mübarizəsi mövsüm ərzində daha gərgin keçdi. Amma fakt odur ki, bu iki komanda kuboka ya ciddi yanaşmadılar, ya da "iki cəhbhə”də mübarizə aparmağa gücləri çatmadı. Onlar qazandıqları ilə kifayətləniblər. Belə də uğura daha ac olan "Neftçi”ylə "Qəbələ”nin qənimət mübarizəsi daha gərgin keçəcək. Buna görə də finalın afişasını uğurlu hesab etmək olar.

Sonda onu da xatırladım ki, "Neftçi” ilə "Qəbələ” düz 9 il bundan əvvəl Azərbaycan Kubokunun finalında qarşılaşmışdılar. 2014-cü ilin 28 mayında keçirilən final qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşmışdı. Qalib isə penalti zərbələrini daha dəqiq yerinə yetirən "Neftçi” olmuşdu. Sizcə, bu dəfə kim sevinəcək?

Amal Abuşov