Dünya 10:49 21.05.2022

Finlandiya da Rusiya qazından imtina edir: ABŞ-dan MTQ terminalını icarəyə götürdü

Finlandiya Rusiya qazını kəsmək üçün ABŞ-dan üzən Mayeləşdirilmiş təbii qaz (MTQ) terminalı icarəyə götürüb. On il müddətinə müvafiq müqavilə Finlandiyanın "Gasgrid Finland” şəbəkə operatoru və Amerikanın Excelerate Energy şirkəti tərəfindən imzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın maliyyə naziri Annika Saarikko açıqlama verib və əlavə edib ki, 151 min kubmetr (təxminən 68 min ton mayeləşdirilmiş təbii qaz) tuta bilən gəmi gələn qışda istismara veriləcək.

Əvvəlcə gəmi Estoniyanın Paldiski limanında, daha sonra Finlandiyanın cənubundakı Haminada yerləşəcək. Qaz şəbəkəsini "mavi yanacaq”la təchiz etməyə imkan verəcək gəmi üçün qəbuledici qurğular Finlandiya və Estoniyada tikiləcək.

Xatırladaq ki, Finlandiya Rusiya qazının pulunu rublla ödəməkdən imtina edən "dost olmayan ölkələr”dən biridir. Bu qərardan sonra "Qazprom”dan müvafiq reaksiya gəlib. Bir gün əvvəl Finlandiyanın "Qasum” dövlət qaz şirkəti "Qazprom Export” MMC-dən müvafiq bildiriş aldıqdan sonra Rusiya qazının Finlandiyaya nəqlinin mayın 21-i – bu gün səhər saatlarında dayandırılacağını açıqlamışdı.
 
Alpər