XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fosil yanacaqlardan imtina etmək üçün neçə AES lazımdır? - Təxmini hesablamalar
Dünya10:05 05.09.2026

Fosil yanacaqlardan imtina etmək üçün neçə AES lazımdır? - Təxmini hesablamalar

Hazırda planetimiz artan enerji tələbatını ödəmək üçün böyük ölçüdə fosil yanacaqlardan asılıdır. Lakin bu vəziyyət əbədi davam edə bilməz, çünki fosil yanacaq məhdud resursdur.

Qaynarinfo “SlashGear”ə istinadən xəbər verir ki, dünya üzrə enerjinin təxminən 82 faizi hələ də fosil yanacaqlar hesabına istehsal olunur, təxminən 9 faizi bərpa olunan enerji mənbələrinin, qalan hissəsi isə nüvə enerjisinin payına düşür. Bununla belə, elektrik enerjisinin təxminən 70 faizini nüvə enerjisi hesabına istehsal edən bir ölkə də var. Lakin bu, ümumi qaydadan daha çox istisna hesab olunur.

Nəzərə alınmalı çoxsaylı dəyişənlər olduğundan, bunun üçün dəqiq neçə atom elektrik stansiyasının (AES) lazım olduğunu müəyyənləşdirmək mümkün deyil. Lakin məlum bəzi göstəricilərə əsaslanaraq bunun üçün minlərlə AES tələb olunacağını təxmin etmək olar. Dəqiq say isə fosil yanacaqdan istifadənin necə müəyyənləşdirilməsindən asılıdır.

Fosil yanacaqdan tam imtina üçün neçə AES lazımdır

İlk hesablamada fosil yanacağın bütün istehlakını nəzərə alaraq kömür, neft və təbii qazdan əldə edilən enerjini vahid göstəricidə birləşdirək. Enerji İnstitutu və “KPMG” tərəfindən dərc olunan “Dünya enerjisinin statistik icmalı”na əsasən, 2023-cü ildə fosil yanacaqdan əldə edilən enerjinin ümumi istehlakı təxminən 505 eksacoul (EDc) təşkil edib. Bir eksacoul təxminən 278 teravat-saat (TVt-saat) enerjiyə bərabərdir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə ABŞ-da ümumilikdə 4,43 min TVt-saat elektrik enerjisi istehsal olunub.

Sadə hesablama göstərir ki, 2023-cü ildə fosil yanacaq təxminən 140 390 TVt-saat enerji istehsal edib (278 TVt-saat × 505). Lakin bu rəqəm il ərzində istehlak olunan enerjinin həcmini göstərir. Belə həcmdə enerjinin istehsalı üçün neçə AES lazım olduğunu müəyyən etməkdən ötrü göstəricini orta fasiləsiz gücə çevirmək lazımdır. Bu, vacibdir, çünki elektrik stansiyalarının gücü adətən meqavat və ya giqavatla ölçülür, illik TVt-saatla deyil.

Bunun üçün illik göstəricini TVt-saatla (140 930) ilin saatlarının sayına (8 760) bölürük. Nəticədə fosil yanacaqla istehsal olunan enerjinin ümumi fasiləsiz gücü təxminən 16 000 giqavat təşkil edir.

Dünya Nüvə Assosiasiyasının məlumatına görə, 2023-cü ildə dünyada 437 atom elektrik stansiyası fəaliyyət göstərib və onların ümumi elektrik gücü 392 giqavat olub. Bu isə bir stansiyaya orta hesabla 0,9 giqavatdan bir qədər az güc düşməsi deməkdir.

Bu göstəricini enerji tələbatımıza uyğun artırdıqda təxminən 18 000 rəqəmi alınır. Yəni bütün fosil yanacağı əvəz etmək üçün təxminən 18 000 AES lazım olacaq.

Fosil yanacaqla istehsal olunan elektrik enerjisini əvəz etmək üçün neçə AES lazımdır?

Daha obyektiv müqayisə üçün yalnız fosil yanacaq hesabına istehsal olunan elektrik enerjisini əvəz etmək üçün neçə AES lazım olduğunu nəzərdən keçirmək lazımdır.

“Ember”in “Global Electricity Review 2026” hesabatına əsasən, 2025-ci ildə bərpa olunan enerji mənbələri 10 730 TVt-saat elektrik enerjisi istehsal edib. Bu, dünyada ümumi elektrik enerjisi istehsalının 33,8 faizinə və ya təxminən üçdə birinə bərabərdir.

Beləliklə, təxmini hesablama üçün elektrik enerjisi istehlakının qalan hissəsinin təxminən 21 460 TVt-saat olduğunu qəbul etmək olar. Hesablamanı eyniləşdirmək üçün bu göstəricini də orta fasiləsiz gücə çevirək: 21 460 TVt-saatı 8 760-a bölürük. Nəticədə təxminən 2 450 giqavat alınır.

Hesablamaları sadələşdirmək üçün ABŞ Energetika Nazirliyinin məlumatlarına əsasən, bir atom elektrik stansiyasının orta çıxış gücünü 1 giqavat götürmək olar. Beləliklə, fosil yanacaqla işləyən generasiya güclərini əvəz etmək üçün təxminən 2 450 AES tələb olunur.

Aydın