İdeal tətil üçün səs-küylü çimərlik klublarına deyil, sakitliyə, dalğaların səsinə və gündəlik təlaşdan tamamilə uzaqlaşmaq imkanına üstünlük verirsinizsə, dünyanın ən sakit adalarının yeni reytinqinə nəzər salmağa dəyər.
Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, siyahıya Yeni Zelandiyanın adalarından biri başçılıq edir. Burada insanların sayı nadir kivi quşlarının sayından təxminən 40 dəfə azdır.
"Hamımız səyahət etməyi sevirik, lakin bəzən əsl dəbdəbə məhz mütləq sakitliyə çevrilir. Avtomobil səsi, çimərlik klublarından gələn yüksək musiqi və şəhərin davamlı uğultusu olmadan – yalnız dalğaların xışıltısı və ən azı bir neçə gün rəqəmsal dünyadan uzaqlaşmaq imkanı. Görünür, səyahətçilər getdikcə məhz belə istirahətə can atırlar", deyə məqalə müəllifləri bildiriblər.
"Google Trends" məlumatlarına əsasən, "BookRetreats" şirkətinin təhlil etdiyi göstəricilərə görə, son bir ildə "sakit istiqamətlər" ifadəsi üzrə axtarışların sayı 1268 faiz artıb.
Tamamilə yenilənməyə və səs-küydən uzaqlaşmağa yönəlmiş istirahətə tələbat hətta xüsusi ad da alıb – quietcation, yəni "sakit tətil".
"BookRetreats" şirkəti yeni "Unspoilt Index" reytinqini hazırlayıb. Bunun çərçivəsində dünyanın 100 adası təhlil edilib. Reytinqin hazırlanması üçün peyk görüntülərindən və açıq xəritə xidmətlərinin məlumatlarından istifadə olunub.
Adalar, tədqiqatçıların fikrincə, sakit səs mühitinin formalaşmasına ən çox təsir edən altı parametr üzrə qiymətləndirilib. Bunlara təbii ərazilərin sayı, yol şəbəkəsinin sıxlığı, hava nəqliyyatının intensivliyi, əhalinin sıxlığı, gecə səmasının qaranlıq olması və təbii sahil xəttinin uzunluğu daxildir.
Tədqiqatda səssizliyi araşdıran alim və psixologiya professoru Olqa V. Lemannın işlərindən, həmçinin Avropa Ətraf Mühit Agentliyinin "sakit ərazi" anlayışından da istifadə edilib. Belə ərazi xoş səs mənzərəsinə malik, arzuolunmaz səs-küyün olmadığı və ya ən azı üstünlük təşkil etmədiyi məkan hesab olunur.
Beləliklə, ümumi qayda sadə olub: ada nə qədər sakit, yaşıllıqla zəngin, gecələr qaranlıq və az tikilidirsə, reytinqdə bir o qədər yüksək yer tutub.

Yeni Zelandiya birinci oldu
Reytinqin qalibi Stüart adası (Stewart Island) olub. Bu, Yeni Zelandiyanın böyüklüyünə görə üçüncü adası və ölkənin ən az məskunlaşmış ərazilərindən biridir.
1680 kvadratkilometr ərazidə cəmi 500-ə yaxın insan yaşayır. Eyni zamanda adanın təxminən 85 faizini mühafizə olunan milli park tutur.
Lakin Stüartda insanların və digər yerli sakinlərin – nadir kivi quşlarının nisbəti daha maraqlıdır. Adada təxminən 20 min nadir kivi yaşayır. Başqa sözlə, burada bu quşların sayı insanların sayından təxminən 40 dəfə çoxdur.
Təəccüblü deyil ki, adada sakit istirahəti poza biləcək amillər demək olar ki, yoxdur.
Stüartda yalnız bir kiçik uçuş-enmə zolağı var, böyük avtomobil yolları isə ümumiyyətlə yoxdur. Bunun əvəzinə burada meşələrdən keçən və təcrid olunmuş körfəzlərə aparan təxminən 280 kilometr uzunluğunda piyada marşrutları salınıb. Bunun sayəsində insan səsinin təsiri minimum səviyyədə qalır.
Bundan əlavə, Stüart "International Dark Sky" tərəfindən sertifikatlaşdırılmış dünyanın ən cənub qaranlıq səma qoruğudur. Bu, adanı ulduzları müşahidə etmək üçün əlverişli məkana çevirir. Əlverişli hava şəraitində burada hətta cənub qütb parıltısını – aurora australis-i də görmək mümkündür.

Dünyanın digər adaları necə sıralanıb?
Reytinqdə ikinci yeri Yunanıstandakı kiçik Anafi adası tutub. Ada daha məşhur qonşusu Santorinidən bərə ilə bir saatdan bir qədər çox məsafədə yerləşir.
Anafidə 300-dən az insan yaşayır və əhalinin sıxlığı Santorinidəkindən təxminən 30 dəfə aşağıdır. Bundan başqa, ada reytinqə daxil edilən ərazilər arasında ən az inkişaf etmiş məkanlardan biridir.
Hətta turizm mövsümünün qızğın çağında Rukunas, Klisidi və Katsuni kimi yerli çimərliklər nisbətən az insanlı olur. Anafinin yüksək mövqeyini onun təbii landşaftları da təmin edib.
Santorini isə reytinqin demək olar ki, əks tərəfində – 100 ada arasında 99-cu yerdə qərarlaşıb. Məşhur Yunanıstan adasının mövqeyinə, xüsusilə, nəqliyyat infrastrukturu mənfi təsir göstərib. 76 kvadratkilometr ərazidə 64 kilometr əsas yol və beynəlxalq hava limanı var, təbii ərazilərin göstəricisi isə nisbətən aşağıdır.
Britaniya adaları da ən yaxşılar arasında
Böyük Britaniya da yüksək nəticə göstərib.
Silli arxipelaqının tərkibindəki Sent-Martins (St Martin’s) adası dünya reytinqində beşinci yeri tutub.
Bu, avtomobil hərəkətinin qadağan olunduğu kiçik bir adadır. Burada cəmi 135 nəfər yaşayır, hava limanı yoxdur. Bununla belə, 13 kilometrlik sahil boyunca 12 çimərlik yerləşir.
Ada o qədər kiçikdir ki, onu bir başından digər başına bir gün ərzində piyada keçmək mümkündür. Yolların və hava nəqliyyatının olmaması Sent-Martinsin dünyanın sakit istirahət üçün ən yaxşı beş məkanından birinə çevrilməsində əsas amillərdən olub.
Şotlandiyadakı digər Britaniya adası – Skay (Isle of Skye) 11-ci yeri tutub. Normand adalarındakı Herm (Herm) adası isə 14-cü pillədə qərarlaşıb. Burada da avtomobil nəqliyyatı yoxdur və əhalisi cəmi 60 nəfərə yaxındır.
Digər Avropa ölkələri də ilk 20-likdə təmsil olunub. Xorvatiyanın iki adası siyahıya düşüb: Mlet 17-ci, Vis isə 19-cu yerdə qərarlaşıb.
Yunanıstan da ilk 25-likdə iki ada ilə təmsil olunub: Anafi ikinci, Milos isə 22-ci yeri tutub.
Dünyanın ən sakit 25 adası
1. Stüart, Yeni Zelandiya
2. Anafi, Yunanıstan
3. İlya-Qrandi, Braziliya
4. Lord-Hau, Avstraliya
5. Sent-Martins, İngiltərə
6. Tio-man, Malayziya
7. Ko-Çanq, Tailand
8. Ko-Ronq, Kamboca
9. Heyvlok, Hindistan
10. Santa-Katalina, ABŞ
11. Skay, Şotlandiya
12. İslaq-Holboks, Meksika
13. Maqnetik-Aylend, Avstraliya
14. Herm, Normand adaları
15. Boa-Vişta, Kabo-Verde
16. Salt-Sprinq, Kanada
17. Mlet, Xorvatiya
18. La-Diq, Seyşel adaları
19. Vis, Xorvatiya
20. Palavan, Filippin
21. Viti-Levu, Fici
22. Milos, Yunanıstan
23. Salina, İtaliya
24. İlya-das-Floreş, Portuqaliya
25. La-Qomera, İspaniya
Aydın
Şərhlər