24 iyun 2025-ci il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli konsert proqramı baş tutub.
Qaynarinfo xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Receb Öztop və Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusbov,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Bayramov ,şəhərin müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.
Konsert proqramı Azərbaycan musiqisinin zəngin ruhunu və vətənpərvərlik dəyərlərini özündə birləşdirən rəngarəng repertuarla təqdim olunub.
Hərbi Orkestrin ifasında səslənən Azərbaycan Respublikasının Dövlət Himninin ardınca, tədbir boyu Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və dirijor: Xəyal Qəhrəmanov) tərəfindən ifa olunan əsərlər tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.
Konsertdə, həmçinin, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları da yer alıb. Ansamblın rəqslərinə baletmeyster Sənan Cavadovun quruluş verdiyi kompozisiyalar xüsusi alqışlarla qarşılanıb.
Konsert, Vətənə və orduya sevgi hissini tərənnüm edən yüksək bədii səviyyəsi ilə seçilmiş, eyni zamanda şəhidlərin əziz xatirəsinə ehtiram, qazilərə və hərbi qulluqçulara təşəkkür ifadəsi kimi xüsusi anlam daşıyıb.
Şərhlər