XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gizli əməliyyat vasitəsindəki siqnalizasiya: Britaniya yeni silahındakı sirli siqnal (FOTO)
Dünya13:34 29.08.2026

Gizli əməliyyat vasitəsindəki siqnalizasiya: Britaniya yeni silahındakı sirli siqnal (FOTO)

Böyük Britaniya Kral Donanması üçün satın alınan “K3 Scout” pilotsuz dəniz vasitələrinin kameralarında Çində istehsal olunan komponentlərin olduğu üzə çıxıb. Araşdırma zamanı kameraların Çindəki bir IP ünvanına müntəzəm olaraq bağlantı siqnalları göndərdiyi müəyyən edilib. Britaniya Müdafiə Nazirliyi həssas hərbi məlumatların ələ keçirildiyinə dair heç bir sübutun olmadığını açıqlayıb.

Qaynarinfo xəvbər verir ki, Britaniyanın xüsusi qüvvə əməliyyatlarında istifadə etməyi planlaşdırdığı pilotsuz dəniz vasitələrində kibertəhlükəsizlik açığı aşkarlanıb. Məlumata görə, “K3 Scout” müşahidə vasitələrindəki kameralarda Çində istehsal olunan komponentlərdən istifadə edilib. Aparılan araşdırma zamanı kameraların avtomatik olaraq Çində yerləşən IP ünvanına məlumat göndərdiyi müəyyənləşdirilib.

Çindəki IP ünvanına “yaşam siqnalı” göndərilib

Araşdırma zamanı kameraların Çindəki bir cihaza “heartbeat”, yəni “yaşam siqnalı” adlandırılan bağlantı məlumatlarını göndərdiyi müəyyən edilib. Bu tip siqnallar cihazın onlayn və işlək vəziyyətdə olduğunu uzaqdakı serverə bildirmək üçün istifadə olunur. Göndərilən məlumatların kamera görüntüləri və ya məxfi hərbi məlumatlar olduğuna dair hər hansı fakt açıqlanmayıb.

Buna baxmayaraq, kameraların Britaniyadan kənarda, Çində yerləşən IP ünvanı ilə istifadəçilərin xəbəri olmadan əlaqə yarada bilməsi mühüm təchizat zənciri və kibertəhlükəsizlik açığı kimi qiymətləndirilib. Müdafiə Nazirliyi problem aşkarlandıqdan sonra kameraların bütün internet bağlantılarını deaktiv edib.

Həssas məlumatların oğurlandığına dair sübut yoxdur

Britaniya Müdafiə Nazirliyi bildirib ki, rutin kibertəhlükəsizlik yoxlaması zamanı “Kraken” tərəfindən istehsal edilən pilotsuz dəniz vasitələrinin alt sistemlərindən birində problem aşkarlanıb. Nazirliyin apardığı genişmiqyaslı araşdırma nəticəsində Müdafiə Nazirliyinin hər hansı məlumatına və ya sisteminə giriş əldə edildiyini, onların ələ keçirildiyini və ya xaricə ötürüldüyünü göstərən sübut tapılmayıb.

Bu səbəbdən hadisənin Çin tərəfindən həyata keçirilmiş məqsədli casusluq fəaliyyəti olduğu təsdiqlənməyib. Lakin hərbi platformadakı kameraların istifadəçilərin xəbəri olmadan xarici serverlə əlaqə yarada bilməsi sistemin daha genişmiqyaslı hücuma açıq ola biləcəyi ilə bağlı narahatlıq yaradıb.

20 vasitə üçün 12,3 milyon funt sterlinqlik müqavilə

“K3 Scout” vasitələri Britaniyanın müdafiə şirkəti “Kraken Technology Group” tərəfindən hazırlanıb. Britaniya Müdafiə Nazirliyinin rəsmi tender məlumatlarına əsasən, “Project Beehive” çərçivəsində 20 pilotsuz dəniz vasitəsinin alınması üçün 12,3 milyon funt sterlinq dəyərində müqavilə imzalanıb.

Kral Donanmasının “hibrid donanma” proqramının bir hissəsi olan vasitələrin təlim, taktiki inkişaf və əməliyyatlarda istifadəsi planlaşdırılır. Sistemlərdən 47-ci Kral Dəniz Piyadaları Komando Birliyi də istifadə edəcək.

“K3 Scout” müşahidə, qüvvələrin qorunması və dəqiq zərbə kimi müxtəlif tapşırıqlar üçün konfiqurasiya edilə bilir. Vasitə iyul ayında keçirilən sınaq zamanı “A400M” hərbi nəqliyyat təyyarəsindən paraşütlə Şimal dənizinə buraxılıb. Kral Donanması eyni vasitənin altı iş günü ərzində dörd dəfə təyyarədən buraxılaraq sınaqdan keçirildiyini açıqlamışdı.

Kameralar üçüncü şirkətdən alınıb

“Kraken Technology Group” problemli kameraların başqa bir təchizatçıdan alındığını və təhlükəsizliklə bağlı şirkətə zəmanət verildiyini bildirib.

Şirkət kameraların ABŞ Milli Müdafiə Səlahiyyətləri Aktında nəzərdə tutulan təhlükəsizlik tələblərinə uyğun olduğunu, lakin bəzi komponentlərin Britaniya xaricindən gətirildiyinin sonradan müəyyənləşdirildiyini açıqlayıb.

“Kraken” və Kral Donanmasının birgə apardığı yoxlamadan sonra həssas məlumatların nəzərdə tutulan kanallardan kənara çıxmadığı qənaətinə gəlinib. Şirkət potensial təhlükəsizlik boşluqlarının müəyyən edilərək aradan qaldırıldığını açıqlayıb.

Körfəz missiyalarında istifadə edilməsi planlaşdırılırdı

“K3 Scout” vasitələrinin Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş mümkün Britaniya missiyalarında istifadəsi də gündəmdə idi. Müdafiə sahəsində ixtisaslaşmış “Janes” nəşri daha əvvəl Kral Donanmasının vasitələri Hörmüz boğazına yerləşdirməyə hazırlaşdığını bildirmişdi.

Britaniya Hərbi Dəniz Qüvvələri Komandanlığı da “Project Beehive” çərçivəsində təhvil alınan 20 vasitənin təlim və əməliyyatlarda istifadə ediləcəyini açıqlamışdı.

“Hərbi avadanlıqlar təcili yoxlanılmalıdır”

Müxalifətdəki Mühafizəkarlar Partiyası hadisədən sonra hökuməti hərbi sistemlərdə xarici mənşəli komponentləri əhatə edən genişmiqyaslı yoxlama aparmağa çağırıb.

Kölgə təhlükəsizlik naziri Alisiya Kerns bildirib ki, bir ölkə öz hərbi avadanlığının daxilində hansı komponentlərin olduğunu dəqiq bilmirsə, texnoloji suverenlikdən danışmaq mümkün deyil.

Hadisə müdafiə sistemlərində yalnız məhsulun hansı ölkədə yığıldığının deyil, kamera, çip və rabitə modulu kimi ən kiçik komponentlərin mənşəyinin də nəzarətdə saxlanılmasının vacibliyini bir daha gündəmə gətirib.

Həssas məlumatların Çinə göndərildiyinə dair sübut olmasa da, icazəsiz xarici bağlantı Britaniyanın sürətlə həyata keçirdiyi hərbi texnologiya satınalmalarında təhlükəsizlik yoxlamalarının yetərliliyi ilə bağlı suallar yaradıb.

Aydın