Rəqəmsal texnologiyaların inkişafı insanlara dünyanın demək olar ki, istənilən nöqtəsindən məsafədən işləmək imkanı yaradıb. Lakin istirahət üçün əlverişli olan şəhərlərin heç də hamısı işləmək üçün eyni dərəcədə uyğun deyil.
Qaynarinfo xəbər verir ki, “Compare the Market” şirkətinin apardığı son araşdırmada Avropanın vorkeyşn, yəni insanların istirahətlə işi birləşdirdiyi “işgüzar məzuniyyət” üçün ən yaxşı və ən pis şəhərləri müəyyənləşdirilib.
Reytinq hazırlanarkən aşağıdakı göstəricilər nəzərə alınıb:
* sabit genişzolaqlı internet vasitəsilə yükləmə sürəti;
* mobil internetin yükləmə sürəti;
* kovörkinq məkanlarının sayı;
* yaşayış xərcləri;
* kapuçinonun qiyməti;
* pivənin qiyməti;
* asudə vaxtda məşğul olmaq imkanları.
Paris Avropada vorkeyşn üçün ən yaxşı şəhərdir
Avropanın vorkeyşn üçün ən yaxşı şəhərləri reytinqinə Fransanın paytaxtı Paris başçılıq edib.
Şəhər Avropada sabit genişzolaqlı internet üzrə ən yüksək yükləmə sürətinə – 352,77 Mbit/s – malikdir. Mobil internetin yükləmə sürəti də 148,96 Mbit/s təşkil edir.
Bundan əlavə, Paris turistlərə çoxsaylı görməli yerlər və əyləncə imkanları təklif edir. “TripAdvisor”da şəhərdə ümumilikdə 4550 belə obyekt qeydə alınıb.
Bununla belə, Parisdə həyat tərzinin öz qiyməti var: şəhərdə yaşayış və kapuçino kifayət qədər bahadır.
Reytinqdə ikinci yeri Portuqaliyanın paytaxtı Lissabon tutub. Şəhərin əsas üstünlükləri nisbətən aşağı qiymətlər və çoxsaylı görməli yerlərdir.
İlk üçlüyü London tamamlayıb. Britaniya paytaxtının əsas üstünlüyü kovörkinq məkanlarının çoxluğudur. Lakin yüksək yaşayış xərcləri şəhərin mövqeyinə mənfi təsir göstərir.
Zalsburq işləmək üçün Avropanın ən pis şəhəridir
İnanılmaz memarlığı, dağ mənzərələri və musiqi tarixi ilə Zalsburq ilk baxışdan iş və istirahəti birləşdirmək üçün ideal məkan təsiri bağışlaya bilər. Lakin araşdırma göstərib ki, şəhər əslində məsafədən çalışanlar üçün o qədər də əlverişli deyil.
Zalsburqun aşağı mövqedə qərarlaşmasının əsas səbəbi yaşayış imkanlarının bahalı olmasıdır. Bundan başqa, şəhərdə kovörkinq məkanlarının sayı çox azdır və internet bağlantısı da rəqabətədavamlı hesab olunmur.
Antireytinqdə növbəti yerləri Almaniyanın Münhen və Hamburq şəhərləri tutub. Hər iki şəhərin əsas problemləri internet sürətinin aşağı olması və yüksək yaşayış xərcləridir. Bununla belə, Hamburq daha çox kovörkinq məkanına malik olduğuna görə reytinqdə Münhendən bir qədər yuxarı qərarlaşıb.
Vorkeyşn necə düzgün təşkil edilməlidir?
“InsureandGo” şirkətinin ekspertləri uğurlu vorkeyşn planlaşdırılmasında əsas məqamın iş və istirahət arasında düzgün balans yaratmaq olduğunu bildiriblər.
Əks halda, bu səyahət formatı həm yaxşı istirahət etməyə, həm də məhsuldar işləməyə imkan verməyən yorucu bir təcrübəyə çevrilə bilər.
Aydın
Şərhlər