XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müharibənin maliyyə yükü ağırlaşır: Rusiya və Ukrayna yeni pul mənbələri axtarır
Dünya13:00 29.08.2026

Müharibənin maliyyə yükü ağırlaşır: Rusiya və Ukrayna yeni pul mənbələri axtarır

Rusiya-Ukrayna müharibəsinin iqtisadi yükü getdikcə ağırlaşır. Rusiyanın büdcə kəsirinin iyul ayında 6 trilyon rubla çatdığı, ilin sonunda isə 12 trilyon rubla yüksələ biləcəyi bildirilir. Moskva müharibənin maliyyələşdirilməsi üçün milliləşdirilmiş aktivlərin əhaliyə təqdim edilməsi və yeraltı sərvətlərin girov qoyulması yolu ilə pul emissiyası kimi variantları nəzərdən keçirir. Ukrayna isə ordusunun büdcəsindəki 23,1 milyard avroluq kəsir səbəbindən Avropadan daha çox maliyyə dəstəyi istəyir. Avropada isə dondurulmuş 210 milyard avroluq Rusiya aktivlərinin Ukraynaya verilməsi yenidən gündəmə gətirilib.

Qaynarinfo xəvər verir ki, Rusiya və Ukrayna dörd ildən çoxdur davam edən müharibənin getdikcə artan maliyyə yükü ilə üz-üzədir. Müharibənin yaratdığı nəhəng xərclər həm Moskvanı, həm də Kiyevi yeni maliyyə mənbələri tapmağa məcbur edir.

Moskvanın müharibə xərcləri artır

Rusiyada müharibənin iqtisadi yükü getdikcə ağırlaşır. Ölkənin 2026-cı il üçün nəzərdə tutulan büdcə kəsiri iyul ayında 6 trilyon rubla çatıb. Ekspertlərin fikrincə, büdcə kəsirinin ilin sonunda 12 trilyon rubla yüksələcəyi gözlənilir.

Putindən Rusiya biznesinə investisiya çağırışı

Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı iş adamlarını investisiyaları artırmağa və istehsalı yüksəltməyə çağırıb. Putinin çağırışından sonra Rusiya oliqarxlarının nümayəndə təşkilatlarından biri diqqətçəkən təklif irəli sürüb.

Təşkilat dövlətin son dörd ildə milliləşdirdiyi aktivlərin səhmlər şəklində əhaliyə təqdim edilməsini istəyib. Həmçinin Rusiya vətəndaşlarının banklarda saxladığı trilyonlarla rublun iqtisadiyyata yönəldilə biləcəyi bildirilib.

Rusiyada pul emissiyası variantı gündəmdə

Moskvanın müharibəni maliyyələşdirmək üçün başqa variantları da nəzərdən keçirdiyi bildirilir. Rusiya Maliyyə Nazirliyinin ölkənin yeraltı sərvətlərini girov göstərməklə pul emissiyası həyata keçirmək variantını gündəmə gətirdiyi qeyd olunur.

Kiyevin müharibə büdcəsində 23,1 milyard avroluq kəsir

Kiyev hakimiyyəti də müharibəni davam etdirmək üçün təcili maliyyə vəsaitinə ehtiyac duyur. Ukrayna Prezidenti Volodimir Zelenski ordunun büdcəsində 23,1 milyard avroluq kəsir olduğunu açıqlayıb.

Zelenski avropalı müttəfiqlərindən 2026–2027-ci illər üçün vəd edilən 90 milyard avroluq kreditin əhəmiyyətli hissəsinin indidən sərbəst buraxılmasını istəyib.

Avropadan dondurulmuş Rusiya aktivləri ilə bağlı yeni addım

Avropa ölkələri dondurulmuş Rusiya aktivlərini yenidən gündəmə gətirib. Avropa dövlətləri dondurulmuş Rusiya aktivlərinin müharibə təzminatı kimi Ukraynaya verilməsi üçün hüquqi mexanizmin tapılmasını tələb edir.

Rusiyaya məxsus təxminən 210 milyard avroluq dondurulmuş aktiv Belçikada yerləşən maliyyə saxlama və hesablaşma qurumunun nəzarətində saxlanılır.

Belçika hökuməti isə sözügedən aktivlərin Ukraynaya verilməsi halında Rusiyanın qarşısında hüquqi məsuliyyətlə üzləşməmək üçün təminat tələb edir.

Aydın