Son dövrlər yuxusuzluq insanların ən çox şikayət etdiyi problemlərdən birinə çevrilib. Gecə saatlarında yata bilməmək, tez-tez oyanmaq və səhərədək narahat yuxu keçirmək gündəlik həyatın keyfiyyətinə ciddi təsir göstərir. Hətta statistikaya görə, valideynlərin 90–95 faizi uşaqlarının yuxusuzluqdan əziyyət çəkməsi şikayəti ilə həkimə müraciət edib.
Mütəxəssislər isə yuxu pozuntularının yaranmasında müasir həyat tərzinin, stressin və rəqəmsal texnologiyalardan həddindən artıq istifadənin mühüm rol oynadığını bildirirlər.
Bəs yuxusuzluğun əsas səbəbləri hansılardır və bu problemə hansı amillər təsir edir?
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bunun əsas səbəblərindən birinin rəqəmsal rabitənin nailiyyətləri ilə bağlı olduğunu bildirib:

"Mobil telefon, sosial şəbəkələr, kompüter... İnsanlar gecə saat 00:02–00:03-ə kimi televizor arxasında oturub filmlərə baxırlar. Həyat tərzi rəqəmsal rabitəyə uyğun dəyişilib. Ünsiyyət yoxdur, heç kəs heç kəslə danışmağa meylli deyil".
Professor bildirib ki, bu gün cəmiyyətdə tənhalaşma faktoru yaranıb:
“Hər kəs özünə qapanıb, ətrafa baxış yoxdur. Bütün bunlar daxili gərginliyi, stressi artıraraq yuxusuzluğa gətirib çıxarır. Hələ qidanın keyfiyyətsizliyi, atmosfer havasının çirklənməsi, insanların açıq havada gəzməsinin məhdudlaşdırılması, həddən artıq qida qəbulu, müxtəlif yanaşı xəstəliklər və s. Bütün bunlar prosesə təsir edən faktorlardır. Bu da sonda müxtəlif xəstəliklərə gətirib çıxarır”.
Bahar Rüstəmli
Şərhlər