"Google" bir neçə aydır flaqman süni intellekt modeli "Gemini 3.5 Pro"nun buraxılış qrafikindən geri qalır. Şirkət xüsusilə proqramlaşdırma sahəsində imkanları yaxşılaşdırmaq üçün işlərini davam etdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, gecikmə "Google" şirkətinin mühəndisləri, tədqiqatçıları və menecerləri arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, şirkət "Anthropic" və "OpenAI" şirkətlərinin uğurları fonunda süni intellekt bazarında liderliyini itirmək riski ilə üzləşə bilər. Mənbələrin sözlərinə görə, bəzi əməkdaşlar bu şirkətlərin modellərinin artıq mövcud "Gemini" imkanlarını üstələdiyini düşünürlər.
"Bloomberg"in mənbələri həmçinin bildirirlər ki, "Google"da yeni modellərin buraxılışı çoxsaylı razılaşdırma mərhələləri və süni intellekt texnologiyalarının şirkətin bir neçə məhsuluna — o cümlədən axtarış sistemi, xəritələr və "YouTube" platformasına — eyni vaxtda inteqrasiya edilməsi zərurəti səbəbindən ləngiyir.
Agentliyin qeyd etdiyi kimi, "Google" "Gemini 3.5 Pro" modelini may ayında keçirilən tərtibatçılar konfransında təqdim etməyi planlaşdırırdı. Lakin ötən ayın sonunda şirkət modelin proqramlaşdırma bacarıqlarını yaxşılaşdırmaq məqsədilə onun təlimində istifadə olunan məlumatları yenilədi, amma nəticələr gözləntiləri doğrultmadı.
Materialın dərcindən sonra "Alphabet" şirkətinin səhmləri ticarət zamanı 3 faizdən çox ucuzlaşıb.
"Bloomberg"ə açıqlamasında "Google" nümayəndəsi bildirib ki, şirkət müştərilər üçün iqtisadi səmərəliliyi qorumaqla yeni modellərin hazırlanması və buraxılışını fəal şəkildə davam etdirir.
Onun sözlərinə görə, hazırda "Google" "Gemini 3.5 Pro", yenilənmiş "Flash" versiyası və digər süni intellekt modellərini tərəfdaşlarla birlikdə sınaqdan keçirir. Şirkət həmçinin modellərin sınaqdan keçirilməsi və sahə üzrə təhlükəsizlik standartlarının hazırlanması məsələlərində ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
Aydın
Şərhlər