Dünya 12:46 22.05.2023

Gürcüstanda siyasi böhran: Prezident-baş nazir qarşıdurması necə başa çatacaq?

Gürcüstanda hakimiyyət böhranı yetişir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin Gürcüstana münasibətdə viza rejimini ləğv etməsi və bu ölkəyə birbaşa uçuşlara icazə verməsindən sonra Gürcüstan yenidən narazı kütlənin etirazlarına tuş gəlib. Prezident Salome Zurabişvili bu müstəvidə etirazçıları dəstəkləyib. Bu da onu göstərir ki, Moskva-Tiflis hava reysinin açılması Zurabişvili ilə hökumət başçısı İrakli Qaribaşvili arasında gərginliyin yaranmasına səbəb olub. 

Xanım prezident Tiflislə Moskva arasında indiki sanksiyalar dövründə hava reysinin açılmasına qarşı çıxsa da, baş nazir bu addımın Gürcüstanın maraqlarına xidmət etidyini iddia edir. Bu azmış kimi, Gürcüstan prezidenti Zurabişvili mayın 20-də Tiflisdən Moskvaya reys həyata keçirən yerli "Georgian Airways” aviaşirkətini boykot etdiyini bildirib. Zurabişvili bildirib ki, aviaşirkət yalnız zənginləşməkdə maraqlıdır. Onun sözlərinə görə, "Georgian Airways” öz məqsədlərinə çatmaq üçün "əhalinin çox böyük hissəsi üçün qəbuledilməz olan yeni reallıqdan yararlanmaq” istəyir. 

Salome Zurabişvili "Georgian Airways”in xidmətindən istifadə etməyəcəyini bildirib və həmvətənlərini ondan nümunə götürməyə çağırıb.  Zurabişvilinin bu bəyanatına cavab olaraq "Georgian Airways” aviaşirkəti xidmətlərindən imtina etdiyi və boykot elan etdiyi üçün prezidenti təyyarələrinə buraxmayacağını elan edib: "Xanım Salome milli aviaşirkəti boykot etdiyini elan etdi. O, gürcü xalqından üzr istəməyənə qədər onu "persona non-qrata” elan edirik, onu təyyarəyə buraxmayacağıq”. 

Xatırladaq ki, Tiflis Rusiyaya hava uçuşlarını 2019-cu ildə dayandırıb. Bu olay həmin dövrdə Gürcüstanda Rusiya əleyhinə keçirilən etiraz aksiyaları fonunda baş vermişdi. Lakin bu ilin may ayında Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib və rəsmi olaraq ölkəyə birbaşa uçuşlara icazə verib. 

Gürcüstanda  yaranmış vəziyyət ölkədə hakimiyyət böhranını dərinləşdirə bilərmi? 
 


Qaynarinfo-ya açıqlama verən gürcü politoloq Giya Xuxaşvili sözügedən məsələ ilə bağlı olaraq Gürcüstanda hakimiyyət böhranının dərinləşəcəyini düşünmür:

"Dərin hakimiyyət böhranı gözlənilmir. Çünki ölkə Prezidentinin real hakimiyyət rıçaqları yoxdur. Bu fonda onun prosesə təsir imkanları azdır. Düzdür, ölkədə siyasi böhran hökm sürür. Prezidentin mövqeyindən başqa ictimaiyyət də Rusiya ilə yaxınlaşmağa neqativ yanaşır. Bu da Rusiyanın vaxtilə Gürcüstan torpaqlarını işğal etməsi, indi də Ukraynada apardığı işğalçı müharibə ilə bağlıdır. Amma bu böhranın indiki halda dərinləşməsi gözlənilmir. Çünki Prezident real hakimiyyətə malik deyil”. 

Rüfət Sultan