Xəbər lenti

Hansı çimərliklər təhlükəsizdir? - Ekspertdən həyati əhəmiyyət daşıyan 5 qızıl qayda
Ölkə 16:10 04.08.2026

Hansı çimərliklər təhlükəsizdir? - Ekspertdən həyati əhəmiyyət daşıyan 5 qızıl qayda

Çimərlik mövsümü başlayandan bəri demək olar ki, hər gün dənizdə boğulma xəbərləri yayılır. Səhər çimərliyə birlikdə yollanan dostlardan, yaxud bacı-qardaşlardan biri evə qayıtmır. Bəzilərinin meyiti bir neçə gün sonra tapılır, bəzilərinin isə axtarışları aylarla davam edir.

Bəs hansı çimərliklərdə istirahət etmək daha təhlükəsizdir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, çimərliyə gedərkən ilk növbədə təhlükəsizlik qaydalarına əməl edilməlidir:



"Birinci növbədə çimərlik seçiminə diqqət yetirilməlidir. Mütləq fəaliyyətinə icazə verilən, yəni çimmək üçün nəzərdə tutulmuş yerlərə getmək lazımdır. Fəaliyyətinə icazə verilməyən ərazilərdə, yəni qeyri-rəsmi çimərliklərdə çimmək birmənalı olaraq təhlükəlidir".

Ekspert qeyd edib ki, hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir.

"Dünya statistikası da bunu deməyə əsas verir. Boğulma hallarının 95 faizdən çoxu nəzarətsiz çimərliklərdə baş verir. Ona görə də ilk növbədə çimmək üçün nəzərdə tutulmuş, fəaliyyətinə icazə verilən çimərliklərə üz tutmaq lazımdır. Belə ərazilərdə xilasetmə xidməti fəaliyyət göstərir. Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin xidmət göstərdiyi çimərliklərdə aparılan statistikaya əsasən, indiyədək bir nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu fakt bir daha göstərir ki, rəsmi çimərliklər daha təhlükəsizdir".
 


Ekspert bildirib ki, dünya statistikasına əsasən, boğulma hallarının 70 faizdən çoxu əlverişsiz hava şəraitində baş verir:

"Əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Bu təkcə dənizə deyil, çaylara, göllərə, su anbarlarına, kanallara və digər su hövzələrinə də aiddir. Təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Xəzərin 825 kilometrlik sahil xəttinin hər yeri çimərlik kimi nəzərdə tutulmayıb. Mən beş qızıl qaydanı qeyd etmək istəyirəm. Bunlara mütləq əməl olunmalıdır:

* Əlverişsiz hava şəraitində çimərliyə getməmək; 
* Üzmə sərhədlərini keçməmək; 
* Spirtli içkinin təsiri altında suya girməmək; 
* Xilasetmə xidməti olmayan, qeyri-rəsmi çimərliklərdə çimməmək; 
* Uşaqları nəzarətsiz buraxmamaq. 

Bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara riayət etməklə çimərlikdə təhlükəsiz və sağlam istirahət etmək mümkündür. Təəssüf ki, bəzi insanlar üzmə sərhədlərini keçərək dərinliyə üzür, spirtli içki qəbul etdikdən sonra suya girir, uşaqları nəzarətsiz buraxır və ya əlverişsiz hava şəraitində çimərliyə yollanırlar. Bu isə onların həyatını ciddi təhlükə altına qoyur".



Elmar Nurəliyevin fikrincə, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, artıq ciddi təhlükə riski yaranır:

"Belə şəraitdə suya girmək məsuliyyətsizlikdir. Qeyri-rəsmi çimərliklərə getmək də böyük risk daşıyır. Sadalanan təhlükəsizlik qaydaları çox sadə görünə bilər, lakin onların hər biri həyati əhəmiyyət daşıyır. Dünyanın hər yerində boğulma hallarının qarşısını almaq üçün bu qaydalar geniş şəkildə təbliğ olunur. Həmçinin şəxsi su nəqliyyat vasitələrinin, kiçik qayıqların, katamaranların və digər üzmə vasitələrinin xüsusi icazə olmadan suya buraxılması yolverilməzdir. Suda lüzumsuz hərəkətlər etmək, qayalıq ərazilərdə üzmək, daşların və qayaların üzərindən suya baş vurmaq da təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır".

Ekspertin sözlərinə görə, hər il insanlar daş və qayaların üzərindən suya baş vurarkən ağır xəsarətlər alır, boyun fəqərələrini zədələyir, ömürlük əlil qalır və ya həyatını itirirlər:

"Bunlar tamamilə yersiz və təhlükəli hərəkətlərdir. Hətta xilasetmə xidməti fəaliyyət göstərən çimərliklərdə belə bəzi insanlar bir-birini itələyərək suya atılır, suda lüzumsuz hərəkətlər edirlər. Bu, təhlükəsizlik baxımından yolverilməzdir. Bəziləri bunu əyləncə hesab etsə də, belə davranışlar xilasedicilərin diqqətini yayındırır. Bəzən boğulan şəxs insanların cəmi bir neçə addımlığında olur. Ətrafdakılar isə onun sadəcə suda əyləndiyini düşünərək təhlükəni hiss etmirlər. Buna görə də suda lüzumsuz və təhlükəli hərəkətlərdən qəti şəkildə çəkinmək lazımdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->