XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Heç kimə yük olmamaq üçün çəkiliş meydançasında ac və susuz işləyirdim" (FOTO)
Maqazin19:59 18.08.2026

"Heç kimə yük olmamaq üçün çəkiliş meydançasında ac və susuz işləyirdim" (FOTO)

Şöhrətə çatmağın, xüsusilə də bunu çox kiçik yaşda etməyin çətinlikləri saysız-hesabsızdır. Həmin dövrdə həyəcan və ya çəkiliş meydançasındakı böyüklərin rəğbətini qazanmaq istəyi ilə edilənlər sonradan problemə, hətta peşmanlığa çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, 9 yaşından etibarən addım-addım aktyorluq arzusunu reallaşdıran Cenna Orteqa da belə bir təcrübə yaşayıb.

Hazırda 23 yaşında olan Orteqa son vaxtlar "Wednesday" serialındakı rolu ilə gündəmdədir. Lakin gənc ulduzun diqqət mərkəzində olmasının səbəbi təkcə bu deyil.

Orteqanın xüsusilə son günlər sosial şəbəkələrdə gündəmə gəlməsinin səbəbi həddindən artıq arıq görünməsidir. Bu vəziyyət pərəstişkarları arasında ciddi narahatlıq yaradıb. Cenna Orteqanın fanatları müxtəlif platformalarda gənc ulduzun səhhətinin yaxşı olub-olmadığını soruşurlar.

Orteqanın "Esquire" jurnalına verdiyi müsahibədə söylədiklərindən məlum olur ki, uşaqlıqda aktyorluq naminə etdiyi bəzi səhvlərin fəsadlarını sonradan dərk edib. Cenna Orteqa müsahibəsində uşaq yaşlarında çəkiliş meydançasında bütün günü heç nə yemədən, hətta bir qurtum su belə içmədən çalışdığını bildirib.

"Uşaq vaxtı çəkiliş meydançasında işləyə bildiyim üçün o qədər minnətdar və həyəcanlı idim ki, peşəkar görünməyə çalışırdım. Heç kimin işini çətinləşdirmək istəmədiyim üçün bütün günü yemək yemədən, hətta bir qurtum su belə içmədən dayanırdım", deyə Orteqa qeyd edib.

Aktrisa illər keçdikdən sonra bunun nə qədər böyük səhv olduğunu və həmin dövrdə sağlamlığına necə laqeyd yanaşdığını anladığını söyləyib.

Cenna Orteqa 2012-ci ildə, hələ 9 yaşında olarkən "Rob" serialı ilə aktyorluq karyerasına başlayıb. Əslində isə o, 7 yaşından aktrisa olmaq istəyirdi. Ailəsi əvvəlcə onun bu istəyinə ciddi yanaşmasa da, Cenna Orteqa israrı sayəsində aktyorluğu həqiqətən istədiyinə onları inandıra bilib. Onun sözlərinə görə, bu sahədə əsas ilham mənbəyi də uşaqlıq yaşlarından aktyorluğa başlayan Dakota Fanning olub.

"Rob" serialından sonra Cenna Orteqa "İron Man 2" və "Insidious: Chapter 2" kimi layihələrdə rol alıb. Daha sonra rəqəmsal platformada yayımlanan "Wednesday" serialı ilə karyerasını daha da möhkəmləndirib.

Lakin arzusunun ardınca gedərkən sağlamlığını, eləcə də düzgün və nizamlı qidalanmanı arxa plana atıb. Bu vəziyyət son dövrdə onun həddindən artıq arıq görünməsinə və pərəstişkarlarının narahatlığına səbəb olub.

Cenna Orteqa son illərdə "Wednesday" ilə yanaşı "The Fallout", "You" və "Scream" kimi layihələrdəki çıxışları ilə Hollivudun diqqət çəkən gənc ulduzlarından biri hesab olunur.

Aydın