Siyasət 16:38 05.04.2023

Həkimlərimiz Xankəndindən hansı mesajı verdilər?

"Bütün dünya şahidi oldu ki, Azərbaycanın inteqrasiyada maraqlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan həkimlərinin Xankəndidən olan erməni sakinlərinə tibbi yardım göstərməsinin əhəmiyyətini qeyd edərkən deyib.

Ekspert bildirib ki, Qarabağdakı ermənilər Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, dövlətimiz onların bütün hüquqlarını da təmin edəcək, həm də onlara sahib çıxacaq:


 
"Qarabağ ərazisində yaşayam erməni əsilli azərbaycanlılar da bizim vətəndaşlarımızdır. Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, dövlətimiz onların bütün hüquqlarını da təmin edəcək, həm də onlara sahib çıxacaq. Dünənki hadisə də göstərir ki, Azərbaycan tərəfindən verilən bəyanatlar quru sözlərdən ibarət deyil. Süzgəc mərhələsi keçmədən, araşdırma aparılmadan onların xəstələrinə yardım edildi. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycan onlara qarşı aqressiv deyil. Sadəcə olaraq, qanunlara əməl etmələrini gözləyirik. Bakı bununla Rusiya sülhməramlılarına və İrəvana göstərdi ki, onların hansısa formada prosesə müdaxilə etmələrindən asılı olmayaraq, addım-addım reinteqrasiyaya nail olacağıq. Bu jest humanist davranış baxımından da dünyaya mesaj oldu. Bakı belə məsələlərdə bütün beynəlxalq konvensiyalara əməl edir”. 

Partiya sədri bildirir ki, bu addımı müxtəlif formalarda davam etdirməliyik:
 
"Növbəti addımlarda oradakı insanlarımızın başqa hüquqları da təmin olunmalıdır. Bu gün səhhətilə bağlı vətəndaşımıza sahib çıxmışıqsa, sabah onlara lazım gələndə asayişlə bağlı hüquqi yardım da göstərməklə burada söz sahibni olduğumuzu nümayiş etdirməliyik. Bu addımı müxtəlif formalarda davam etdirməliyik”. 

Qeyd edək ki, dünən Azərbaycan həkimləri səhhətində problem yaranan Xankəndindən  olan erməni sakinlərə tibbi yardım göstərib. Belə ki, Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər ona yardım göstəriblər. 

Rüfət Sultan