
Arxeoloqlar Benqal körfəzinin sualtında əsrlər boyu tamil poemalarında xatırlanan qədim Hindistan limanı Pumpuхarın qalıqlarını aşkar ediblər. Tapıntılar əfsanəvi şəhərin dəniz suları altında qalmazdan əvvəl mühüm ticarət mərkəzi olduğunu təsdiqləyə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic” yazır.
Ekspedisiya Tamilnad ştatının sahillərində, 10–12 metr dərinlikdə və müasir sahil xəttindən 1,8–2,2 kilometr məsafədə araşdırmalar aparıb. Tapıntılar arasında dörd gil quyu, yüzlərlə saxsı qab parçası, Qərbi Asiya bölgəsinə aid küp fraqmenti, eləcə də daş və kərpicdən tikilmiş böyük bir qurğunun qalıqları var. Tədqiqatçılar ehtimal edirlər ki, sonuncu tikili qədim liman sahil qurğusunun bir hissəsi ola bilər.
Arxeoloqların xüsusi diqqətini fars ticarət gəmisinə aid fraqment cəlb edib. Bu tapıntı digər artefaktlarla birlikdə Pumпухarın uzaq ölkələrlə ticarət əlaqələrinin olduğunu göstərir. Quyuların və memarlıq tikililərinin mövcudluğu da hazırda su altında qalan ərazinin vaxtilə yaşayış məskəni olduğunu təsdiqləyən əlamətlərdəndir.
Ehtimallardan birinə görə, şəhərin bir hissəsi dəniz səviyyəsinin yüksəlməsi və intensiv tektonik proseslər nəticəsində su altında qalıb.
Pumпухar haqqında əvvəlki məlumatlar əsasən eramızdan əvvəl VI əsrdən eramızın III əsrinə qədərki dövrdə yaradılmış tamil poemalarına əsaslanırdı. Həmin əsərlərdə şəhər Çola sülaləsinin hakimiyyəti altında olan, dünyanın müxtəlif bölgələrindən gəmilərin gəldiyi canlı liman kimi təsvir edilir. Liman məhəllələrində xarici tacirlərin yaşadığı da qeyd olunur.
Bununla belə, tədqiqatlar hələ tamamlanmayıb. Arxeoloqlar limanın yerləşə biləcəyi ərazinin cəmi təxminən 10 faizini araşdırıblar. Musson mövsümünün başlaması səbəbindən sualtı işlər müvəqqəti dayandırılıb.
Alimlər dəniz dibinin xəritəsini daha ətraflı hazırlamaq və yeni sualtı tikililər axtarmaq üçün 2027-ci ilin əvvəlində Benqal körfəzinə qayıtmağı planlaşdırırlar.
Aydın
